Astronomlar kosmosdan 10 milyard il əvvəl göndərilmiş radio siqnalı aşkar ediblər
Astronomlar indiyədək aşkar edilmiş ən uzaq sürətli radio partlayışını (FRB) qeydə alıblar. Siqnalın Yerə çatması 10 milyard ildən çox vaxt aparıb. Oxuməni.az xəbər verir ki, bu barədə Phys.org nəşri məlumat yayıb.
FRB 20240304B adlandırılan radio partlayışı Cənubi Afrikada yerləşən MeerKAT radio teleskopu vasitəsilə, MeerTRAP layihəsi çərçivəsində qeydə alınıb. Alimlər müəyyən ediblər ki, siqnal kainatın cəmi 3 milyard il yaşı olduğu dövrdə yaranıb. Bu, əvvəlki uzaqlıq rekordunu iki dəfədən çox üstələyir.
“Biz kainatın cəmi üç milyard il yaşı olduğu dövrdən gələn sürətli radio partlayışını qeydə aldıq və milyardlarla il ərzində keçdiyi maddə haqqında məlumat əldə etmək üçün radio dalğalarının bu qısa parıltısından istifadə etdik”, – deyə tədqiqatın rəhbəri Manişa Kaleb bildirib.
Doktor Temiya Nannayakkaranın sözlərinə görə, bu partlayış baş verən zaman “nə Yer, nə də Günəş mövcud idi”. Alimlər qeyd edirlər ki, qalaktikanın xüsusiyyətləri — gənc olması, ulduzların intensiv şəkildə yaranması və tərkibində ağır elementlərin azlığı — bu radio partlayışının güclü maqnit sahəsinə malik neytron ulduzları olan maqnitarlar tərəfindən yaradıldığı nəzəriyyəsinə daha çox uyğundur.
Siqnalın mənbəyinin müəyyənləşdirilməsində James Webb kosmik teleskopu mühüm rol oynayıb. Məhz onun infraqırmızı kameraları həddindən artıq zəif işıqlılığı səbəbindən ən böyük yerüstü rəsədxanalar üçün görünməyən kiçik qalaktikanı aşkar etməyə imkan verib. Bu qalaktikanın kütləsi Günəşin kütləsindən cəmi 10 milyon dəfə çoxdur. Bu isə Süd Yolu qalaktikasının kütləsi ilə müqayisədə olduqca kiçik göstəricidir.
“Bu radio partlayışını yaradan qalaktika təəccüblü dərəcədə kiçikdir, ağır elementlərlə kasaddır və burada ulduz əmələgəlməsi prosesi çox intensiv gedir”, – deyə tədqiqatın həmmüəllifi, Sidney Universitetinin əməkdaşı Laura Drisen bildirib.
Siqnal həmçinin kosmik mayak rolunu oynayaraq kainatın tarixinin təxminən 80%-ni əhatə edən dövr ərzində maqnit sahələri və maddənin paylanması haqqında məlumat daşıyıb. Bu kəşf qalaktikalar arasındakı məkanı dolduran, birbaşa müşahidəsi çətin olan maddəni öyrənmək üçün yeni imkanlar yaradır.
Almaz Həsənli





























.jpg)
















.jpg)








.jpg)







































