2026-cı il Nobel mükafatının təqdimatı başlayır: fiziologiya və ya tibb üzrə mükafat sahibinin adı açıqlanacaq
Bu gün, oktyabrın 5-də İsveçin Stokholm şəhərində yerləşən Karolinska İnstitutu bu mövsümün ilk Nobel mükafatı laureatının – fiziologiya və ya tibb üzrə mükafat sahibinin adını açıqlayacaq.
Oxuməni.az xəbər verir ki, bu mükafata namizədlərin adları həmişə gizli saxlanılır və Nobel Komitəsi son ana qədər planlarını açıqlamır. Laureatın adı Mərkəzi Avropa yay vaxtı ilə (CEST) saat 11:10-dan (Bakı vaxtı ilə 13:10) tez olmayaraq açıqlanacaq.
Ötən il mükafat ABŞ-da çalışan iki alim – Meri E. Brankou və Fred Ramsdell, həmçinin onların yaponiyalı həmkarı Şimon Sakaguti arasında bölüşdürülüb. Alimlər periferik immun tolerantlığı sahəsindəki kəşflərinə görə mükafata layiq görülüblər.
Üç alim “immun sisteminin orqanizmə zərər vurmasının qarşısını alan periferik immun tolerantlığı ilə bağlı mühüm kəşflərinə” görə mükafatlandırılıb. Ekspertlər bu nəticələri 1-ci tip diabet, revmatoid artrit və qırmızı qurdeşənəyi kimi autoimmun xəstəliklərin anlaşılması baxımından mühüm hesab ediblər.
1901-2025-ci illər ərzində fiziologiya və ya tibb üzrə Nobel mükafatı 116 dəfə təqdim edilib və ümumilikdə 232 nəfər laureat olub.
Bazar ertəsi tibb üzrə mükafatın ardınca çərşənbə axşamı fizika, çərşənbə günü kimya, cümə axşamı isə ədəbiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.
Cümə günü, oktyabrın 12-də Nobel Sülh Mükafatının laureatı elan edildikdən sonra Nobel İqtisadiyyat üzrə Memorial Mükafatının qalibi açıqlanacaq.
Bu il mükafatın məbləği 12 milyon İsveç kronu (təxminən 1,09 milyon avro) təşkil edir. Mükafatın bir şəxsə, kiçik bir qrup laureata və ya təşkilata verilməsindən asılı olmayaraq məbləğ dəyişmir.
Mükafatlandırma mərasimi Nobel mükafatlarının təsisçisi, varlı isveçli sənayeçi və dinamitin ixtiraçısı Alfred Nobelin vəfatının ildönümündə – dekabrın 10-da keçiriləcək. Alfred Nobel 1896-cı ildə vəfat edib.
Almaz Həsənli
























.jpg)



































































