Alimlər immun sisteminin qocalmasında iki əsas mərhələni açıqlayıblar
Duke-NUS Tibb Məktəbinin alimləri immun sisteminin xüsusilə nəzərəçarpacaq dəyişikliklərə məruz qaldığı iki həyat dövrünü müəyyən ediblər: təxminən 40 yaş və 60 yaşdan yuxarı. Tədqiqatçılar bu qənaətə 19-97 yaş arası 1828 sağlam insana məxsus təxminən 3,8 milyon immun hüceyrəsini təhlil etdikdən sonra gəliblər. Oxuməni.az xəbər verir ki, nəticələr "Nature Communications" jurnalında dərc olunub.
Tədqiqat göstərib ki, immun sistemi qeyri-bərabər şəkildə qocalır və daha sürətli dəyişiklik dövrləri həyatın müxtəlif mərhələlərinə təsadüf edə bilər.
Birinci nəzərəçarpacaq mərhələ təxminən 40 yaşda müşahidə olunub. Bu dövrdə immun sisteminin digər komponentlərinin işini koordinasiya edən CD4 T-hüceyrələrinin aktivliyi xüsusilə güclü şəkildə dəyişib. 60 yaşdan sonra isə yeni bir dəyişiklik dalğası baş verib; bu dəfə infeksiyaya yoluxmuş və anormal hüceyrələri məhv etmək qabiliyyətinə malik olan CD8 T-hüceyrələrinin fəallığı nəzərə çarpıb.
Alimlər bildiriblər: "Yaş artdıqca genetik məlumatın oxunması və zülalların istehsalı da daxil olmaqla, immun hüceyrələrinin bir sıra əsas funksiyalarının aktivliyi azalıb. Bununla yanaşı, iltihabla bağlı proseslər güclənib".
Tədqiqatçılar həmçinin kişilər və qadınlar arasında fərqlər aşkar ediblər. Bir çox dəyişikliklər hər iki cinsdə baş versə də, onların vaxtı və dinamikası fərqli ola bilər. Məsələn, kişilərdə CD8 T-hüceyrələrinin aktivliyindəki bəzi dəyişikliklər daha tez özünü göstərdiyi halda, qadınlarda bu proseslər daha gec dövrlərdə güclənməyə davam edib.
Tədqiqatçılar həmçinin 729 iştirakçının DNT-sindəki kimyəvi dəyişiklikləri təhlil edib və insanın yaşını immun hüceyrələrinin aktivliyinə görə qiymətləndirə bilən modellər yaradıblar. Lakin bu "bioloji saat" hələlik insanın nə dərəcədə sağlam qocaldığını və ya gələcəkdə xəstələnib-xəstələnməyəcəyini müəyyən etməyə imkan vermir. Bundan əlavə, tədqiqatda yalnız qandakı immun hüceyrələri araşdırılıb.
Almaz Həsənli













.jpg)
















































































