Cənubi Afrikada tapılan kəllə fraqmenti insanların 2 milyon il əvvəl burada yaşadığını təsdiqləyir

Cənubi Afrikada tapılan kəllə fraqmenti insanların 2 milyon il əvvəl burada yaşadığını təsdiqləyir

12:26
Bəyəndim (1) Bəyənmədim (0)

Paleoantropoloqlar Cənubi Afrikadakı Drimolen mağarasında tapılmış, Homo erectus (dik yeriyən insan) növünə aid yetkin fərdin kəllə fraqmentini təsvir ediblər. Tapıntının təxminən 2 milyon il yaşı var. Tədqiqatçıların fikrincə, bu tapıntı həmin növün artıq o dövrdə Afrikanın cənubunda yaşadığına dair sübutları gücləndirir. Oxuməni.az xəbər verir ki, Avstraliyanın La Troba Universitetindən Cessi Martinin rəhbərlik etdiyi tədqiqat qrupunun işi “Annals of Human Biology” jurnalında dərc olunub.

İndiyədək regionda Homo erectus növünün ilkin tarixinə dair əsas sübut Drimolen mağarasında tapılmış DNH 134 nömrəli uşaq kəlləsi hesab olunurdu. Təxminən 2,04 milyon il yaşı olan bu tapıntı hazırda paleontoloji qeydlərdə həmin növün mövcudluğuna dair ən qədim mübahisəsiz sübutdur. Bununla belə, Cənubi Afrika kolleksiyalarında Homo erectus növünün yetkin fərdlərinə aid yaxşı qorunmuş kəllələr yoxdur. Qonşu mağaralarda tapılmış Homo cinsinə aid digər qalıqlar isə həddindən artıq fraqmentar olduğundan alimlər onların hansı növə aid olması barədə hələ də mübahisə edirlər.

DNH 127 adlandırılan yeni tapıntı hələ 2008-ci ildə aşkar edilsə də, yalnız indi ətraflı şəkildə təsvir olunub. Fraqment sağ gicgah, təpə və ənsə sümüklərinin hissələrindən ibarətdir. O, 1994-cü ildə DNH 7 nömrəli, demək olar ki, bütöv parantrop kəlləsinin tapıldığı qaya çıxıntısından qopmuş olduğu ehtimal edilən süxur blokundan əldə edilib. Buna görə də alimlər DNH 127 fraqmentinin təxminən həmin kəllə ilə eyni dövrə aid olduğunu düşünürlər.

Drimolen mağarasında daha çox qalıqları aşkar edilmiş parantroplardan yeni fraqment bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Qulağın arxasında yerləşən məməyəbənzər çıxıntı zəif inkişaf edib, təpə və gicgah sümükləri isə demək olar ki, bir-birinin üzərinə keçmir. Bu sümüklər arasındakı tikiş xəttinin düz olması məhz Homo erectus növü üçün xarakterik xüsusiyyətdir. Tədqiqat müəlliflərinin qiymətləndirməsinə görə, DNH 127 ən çox Dmanisidə (Gürcüstanın cənubunda yerləşir-red.) tapılmış D2700 nömrəli kəlləyə bənzəyir. Bununla belə, alimlər tapıntının növ mənsubiyyətinin hələlik ilkin xarakter daşıdığını vurğulayırlar.

Bu fraqment alimlərin Drimolen mağarasında aparılan qazıntılar zamanı illər ərzində toplanmış kəllə və alt çənə sümüklərinə aid 18 nümunəni araşdırdıqları daha genişmiqyaslı tədqiqatın bir hissəsidir. Onlardan ikisi onilliklər ərzində heyvan qalıqları hesab edilib. Müəlliflər 14 tapıntını təkamülün nəsil qoymadan yox olmuş yan qoluna aid olan kütləvi parantrop növünə aid ediblər. Üç tapıntının isə hansısa cinsə aid olduğunu etibarlı şəkildə müəyyənləşdirmək mümkün olmayıb. DNH 127 Drimolendə aşkar edilmiş və növünü müəyyənləşdirmək mümkün olmuş Homo cinsinin yalnız ikinci nümunəsidir.

Tədqiqat müəlliflərinin sözlərinə görə, DNH 134 nömrəli kəllənin tapılmasından sonra Drimolen mağarasında Homo erectus növünə aid yeni qalıqların aşkar edilməsi gözlənilən idi. DNH 127 tapıntısı isə bu nümunələr sırasına ilk yetkin fərdin qalıqlarını əlavə edir.

Bununla yanaşı, alimlər hələlik Homo cinsinin bir neçə növünün Drimolen mağarasında eyni vaxtda yaşadığını təsdiqləyən birmənalı sübutların olmadığını bildirirlər. Tədqiqatçılar, həmçinin tapılmış bütün hominin qalıqlarının, yalnız yaxşı qorunmuş nümunələrin deyil, fraqmentar qalıqların da elmi ictimaiyyətə təqdim edilməsinin vacibliyini vurğulayırlar. Çünki hətta kiçik sümük fraqmentləri belə elmi fərziyyələrin yoxlanılmasına və təkamül tarixinin daha dəqiq öyrənilməsinə kömək edə bilər.

Almaz Həsənli