Məşhur çay növünün bağırsaqlar üçün faydalı olduğu müəyyən edilib

Məşhur çay növünün bağırsaqlar üçün faydalı olduğu müəyyən edilib

14:02
Bəyəndim (2) Bəyənmədim (0)

Matça çayı iltihab zamanı bağırsaq baryerini zədələnmədən qorumağa kömək edib, ona probiotik mayaların əlavə edilməsi isə potensial faydalı xüsusiyyətlərini daha da gücləndirib. Bu barədə Kamerino Universiteti və Marke Politexnik Universitetinin alimləri məlumat veriblər. Oxuməni. az xəbər verir ki, tədqiqat Nutrients jurnalında dərc olunub.

Alimlər laboratoriya şəraitində həzm prosesini modelləşdirərək iltihab yaradılmış bağırsaq hüceyrələrinə matça çayının təsirini araşdırıblar. Məlum olub ki, adi matça belə bağırsağın qoruyucu baryerinin bütövlüyünü qorumağa kömək edib.

Daha sonra tədqiqatçılar matçanı probiotik maya Lachancea thermotolerans əlavə edilmiş variantla müqayisə ediblər. Bu variantda antioksidant xüsusiyyətlərə malik polifenol olan qall turşusunun miqdarı 322 faiz artıb, kofeinin miqdarı isə 40,5 faiz azalıb.

Bundan əlavə, matça ilə probiotikin birləşməsi iltihabın əsas tənzimləyicilərindən biri olan NF-κB-nin aktivliyini azaldıb. Eyni zamanda, matça həzm prosesinin laboratoriya şəraitində imitasiya edilməsindən sonra faydalı mayaların sağ qalma göstəricisini iki dəfədən çox artırıb.

Beləliklə, matça özü bağırsaq baryerinə qoruyucu təsir göstərib, probiotikin əlavə edilməsi isə onun tərkibini yaxşılaşdıraraq bəzi faydalı təsirlərini gücləndirib. Lakin tədqiqat hüceyrələr üzərində aparılıb və nəticələrin insanlar üzərində də təsdiqlənməsi tələb olunur.

Almaz Həsənli