Bioloji qocalmanı ləngidə bilən preparatın adı açıqlanıb

Bioloji qocalmanı ləngidə bilən preparatın adı açıqlanıb

14:17
Bəyəndim (1) Bəyənmədim (0)

Ağciyər fibrozunun müalicəsi üçün hazırlanan eksperimental "rentosertib" preparatının insanın hesablanmış bioloji yaşını azaltmağa qadir olduğu məlum olub. Çin və BƏƏ alimləri xəstələrin qanındakı zülalları təhlil etdikdən sonra belə bir qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqat "Nature Biotechnology" jurnalında dərc olunub.

12 həftəlik tədqiqat zamanı alimlər idiopatik ağciyər fibrozu olan 42 nəfərin qan nümunələrini təhlil ediblər. Bu, ağciyər toxumasının tədricən zədələndiyi və çapıqlaşdığı ağır xroniki xəstəlikdir. Könüllülərin bir qismi müxtəlif dozalarda rentosertib, digərləri isə plasebo qəbul edib.

Alimlər 2800-dən çox zülalın səviyyəsini ölçüb və altı "proteom saatı" vasitəsilə iştirakçıların bioloji yaşını qiymətləndiriblər. Hər altı alqoritm plasebo qrupu ilə müqayisədə preparatı qəbul edən xəstələrdə qocalma tempinin azaldığını göstərib. Ən sabit effekt gündə iki dəfə 30 mq doza qəbul edildikdə müşahidə olunub.

Rentosertib həmçinin sınaqda iştirak edənlərin qanındakı 326 zülalın səviyyəsini dəyişib. Xüsusilə, hüceyrə qocalması və çapıq toxumasının əmələ gəlməsi ilə əlaqəli bəzi zülalların miqdarı azalıb, maddələr mübadiləsində və hüceyrələrin stressdən qorunmasında iştirak edən zülalların səviyyəsi isə artıb.

Bununla belə, qocalmanın ləngiməsi ilə bağlı dəyişikliklər preparatın ağciyərlərə təsiri ilə tam üst-üstə düşməyib. Fibrozun özünün müalicəsi üçün başqa bir dozaj sxeminin daha effektiv olduğu müəyyən edilib.

Müəlliflər hesab edirlər ki, əldə edilən nəticələr rentosertibi yalnız ağciyər fibrozuna qarşı potensial vasitə kimi deyil, həm də qocalmanın molekulyar proseslərinə təsir göstərə bilən preparat kimi öyrənməyə imkan verir. Lakin tədqiqat kiçik miqyaslı olduğu üçün rentosertibin həqiqətən ömrü uzadıb-uzatmadığını söyləmək hələ tezdir.

Almaz Həsənli