Alimlər Ay torpağında yadplanetli sivilizasiyaların izlərini axtarmağa hazırlaşırlar

Alimlər Ay torpağında yadplanetli sivilizasiyaların izlərini axtarmağa hazırlaşırlar

16:24
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın SETI İnstitutunun tədqiqatçıları yadplanetli sivilizasiyaların izlərini tapmaq üçün yeni strategiya hazırlayıblar. Doktor Luis Pinonun rəhbərlik etdiyi komanda sadəcə teleskoplarla kosmosa baxmaqla kifayətlənməyib, Ayda uzaq keçmişdə mövcud olmuş texnologiyaların kiçik izlərini axtarmaq niyyətindədir. İdeya ondan ibarətdir ki, kosmik uçuşlar və ya texniki fəaliyyət nəticəsində yaranan mikroskopik hissəciklər milyardlarla il ərzində Ay torpağında toplanmış ola bilər. Bu barədə Oxuməni.az "Bild" nəşrinə istinadla xəbər verir.

Alimlərin "Journal of Astrobiology" jurnalının yaxın günlərdə çap olunacaq sayında izah etdikləri kimi, onların tədqiqatı ilk dəfədir ki, "texno-imzalar" adlanan bu cür izlərin Ay torpağında toplanıb-toplanmadığı məsələsini araşdırır.

Bu ideyanın əsasında Ayın Yer kürəsindən fərqli olaraq atmosferinin, suyunun olmaması və geoloji cəhətdən aktiv olmaması faktı dayanır. Milyardlarla il ərzində Ayın səthi kosmosdan gələn toz və digər hissəcikləri toplayıb. Əgər keçmişdə texnoloji cəhətdən inkişaf etmiş sivilizasiyalar mövcud olubsa, onların texnologiyalarının kiçik qırıntıları və ya izləri Ay torpağında qala bilərdi.

SETI (Search for Extraterrestrial Intelligence — "Yadplanetli zəkanın axtarışı") abreviaturası ağıllı yadplanetli həyatın əlamətlərinin sistemli şəkildə axtarılmasını ifadə edir. Tədqiqatçılar, xüsusilə, güclü radioteleskoplar vasitəsilə kosmosu "dinləyirlər". Tapıntıların yoxlanılması və təsdiqlənməsi, habelə ictimaiyyətin bu barədə məsuliyyətli şəkildə məlumatlandırılması qaydalarını müəyyən edən elmi prinsiplər və beynəlxalq qaydalar mövcuddur. Onilliklər ərzində aparılan axtarışlara baxmayaraq, SETI hələ də mənşəyi şübhəsiz yadplanetli olan bir dənə də olsun siqnal əldə edə bilməyib.

Almaz Həsənli