Alimlər kəskin miyeloid leykozun müalicəsi üçün yeni üsul yaradıblar
Alimlər kəskin miyeloid leykozun müalicəsi üçün xərçəng hüceyrələrini öz-özünü tükəndirməyə məcbur edən yeni bir üsul hazırlayıblar: hüceyrələr eyni vaxtda böyümə siqnalları ilə "sürətləndirilir" və enerji istehsalı bloklanır. Oxuməni.az xəbər verir ki, tədqiqat "Molecular Cancer" jurnalında dərc olunub.
Kəskin miyeloid leykoz aqressiv qan xərçəngidir və müalicəsi çətindir. Bunun əsas səbəbi "leykoz kök hüceyrələri" adlanan hüceyrələrdir: onlar terapiyadan sonra sağ qalır və xəstəliyin residiv verməsinə (təkrar qayıtmasına) səbəb olur. Alimlər sağlam hüceyrələrə zərər vermədən məhz bu hüceyrələri məhv etməyin yolunu axtarırdılar.
Göteborq Universitetindən Leyf Erikssonun rəhbərlik etdiyi tədqiqatçılar qrupu, Keys Vestern Rezerv Universitetindən olan həmkarları ilə birlikdə "AcTor" adlı eksperimental preparatı "iksazomib" inhibitoru ilə birlikdə tətbiq ediblər. İdeya ondan ibarətdir ki, xərçəng hüceyrələrində aktiv böyümə siqnallarını işə salmaq və eyni zamanda onların "yanacağını" — enerji istehsalını kəsməkdir. Nəticədə, hüceyrələr bu yükə tab gətirməyərək məhv olurlar.
Üsul leykoz hüceyrə xətləri, xəstələrdən götürülmüş nümunələr və heyvanlar üzərində sınaqdan keçirilib. O, hətta TP53 gen mutasiyası olan xəstəliyin xüsusilə aqressiv formasına qarşı da effektiv olub və ən əsası, adətən xərçəngin qayıtmasına səbəb olan həmin leykoz kök hüceyrələrini məhv edib.
"Bu, tamamilə yeni bir üsuldur və sağlam qan hüceyrələrinə təsir etmir; üstəlik, siçanlar üzərində apardığımız təcrübələr göstərir ki, dərman müqavimətindən (rezistentlikdən) qaçmaq mümkündür", — deyə Leyf Eriksson qeyd edib.
Müəlliflərin sözlərinə görə, orqanizmin dərmana öyrəşməməsi xüsusilə vacibdir, çünki məhz dərmanlara qarşı davamlılıq çox vaxt xərçəng müalicəsini səmərəsiz edir. Leykoz kök hüceyrələrinin məhv edilməsinə fokuslanmaq da prinsipial məsələdir: kimyaterapiyadan sağ çıxan məhz bu hüceyrələrdir ki, aylar və ya illər sonra xəstəliyin geri qayıtmasına səbəb olur. Əgər bu üsul insanlar üzərində də təsdiqini taparsa, o, hazırda müalicəsi demək olar ki, mümkün olmayan, xüsusilə leykozun aqressiv formalarından əziyyət çəkən xəstələrə kömək edə bilər.
Almaz Həsənli










.jpg)
.jpg)



















































































