Alzheimer xəstəliyinə gətirib çıxaran iki fərqli mexanizm aşkar edilib

Alzheimer xəstəliyinə gətirib çıxaran iki fərqli mexanizm aşkar edilib

14:03
Bəyəndim (1) Bəyənmədim (0)

Alzheimer xəstəliyinə iki fərqli iltihab növü səbəb ola bilər: beyindəki kiçik damarların zədələnməsi ilə əlaqəli iltihab və amiloid lövhələrinin toplanmasını müşayiət edən iltihab. Hər iki mexanizm beyində toksik zülalın toplanmasına, hipokampın kiçilməsinə və yaddaşın zəifləməsinə səbəb olur. Bu qənaətə Kaliforniya Universitetinin alimləri gəliblər. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri “Alzheimer's & Dementia: Diagnosis, Assessment & Disease Monitoring” jurnalında dərc olunub.

Tədqiqatçılar demensiya əlamətləri olmayan 126 yaşlı insanı araşdırıblar. İştirakçıların qanında iltihab zülalları olan GFAP və YKL-40-ın, həmçinin patoloji tau zülalının p-tau217 markerinin səviyyəsi ölçülüb. Bundan əlavə, könüllülər beynin MRT və PET müayinələrindən, eləcə də koqnitiv testlərdən keçirilib.

Təhlil patoloji dəyişikliklərin inkişafının iki fərqli yolunu üzə çıxarıb. YKL-40 səviyyəsinin yüksək olması beynin ağ maddəsinin zədələnməsi ilə əlaqəli olub. Bu zədələnmə çox vaxt beyindəki kiçik qan damarlarının fəaliyyətinin pozulması nəticəsində yaranır. Eyni zamanda alimlər YKL-40 ilə amiloid lövhələri arasında əlaqə aşkar etməyiblər.

İkinci yol GFAP zülalı ilə əlaqəli olub. Onun qanda yüksək konsentrasiyası beyində daha çox amiloid lövhəsinin olması ilə əlaqələndirilib, lakin ağ maddənin zədələnməsi ilə əlaqəsi olmayıb. Beləliklə, damarların zədələnməsi və amiloid patologiyası, görünür, bir-birindən paralel və müstəqil şəkildə yarana bilər.

«Hər iki mexanizm növbəti mərhələdə — p-tau217 səviyyəsinin yüksəlməsində birləşirdi. Tau patologiyası daha ifadəli olan iştirakçılarda hipokampın həcmi və medial temporal korteksin qalınlığı daha az idi. Bu dəyişikliklər, öz növbəsində, yaddaş testlərində daha zəif nəticələrlə əlaqəli olub», — deyə alimlər izah ediblər.

Alimlər hesab edirlər ki, bu kəşf Alzheimer xəstəliyinin profilaktikası və müalicəsində daha fərdiləşdirilmiş yanaşmanın hazırlanmasına kömək edə bilər. Lakin mexanizmləri təsdiqləmək və yeni müalicə üsulları hazırlamaq üçün alimlər iştirakçıları uzun illər ərzində müşahidə etməlidirlər.

Almaz Həsənli