Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb

Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb

14:18
Bəyəndim (1) Bəyənmədim (0)

Alimlər müəyyən ediblər ki, 100 və daha çox yaşa çatan insanların orqanizmində şiş və infeksiyaya yoluxmuş hüceyrələri məhv edə bilən nadir immun hüceyrələrinin sayı qeyri-adi dərəcədə çoxdur və onların payı yaş artdıqca daha da yüksəlir. Bu, uzunömürlülərin xərçəng və infeksion xəstəliklərə daha az məruz qalmasının səbəblərindən birini qismən izah edə bilər. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri “Cell Reports” jurnalında dərc olunub.

Söhbət sitotoksik CD4 T-hüceyrələrindən – səthindəki CD27 və CD28 zülallarını itirən köməkçi T-hüceyrələrindən yaranan “qatil” hüceyrələrdən gedir. Adətən belə hüceyrələr nadir olur, lakin uzunömürlülərin qanında onların sayı gözlənilmədən çox olub.

Tədqiqatçılar müxtəlif yaş qruplarından olan 28 yaponiyalının qanını araşdırıblar. 70-90 yaşlı insanlarda sitotoksik CD4 hüceyrələri bu tip T-hüceyrələrinin orta hesabla təxminən 4 faizini təşkil edib. 100 yaşlı insanlarda bu göstərici 9,6 faizə, 110 yaşdan yuxarı superuzunömürlülərdə isə 17,6 faizə çatıb. Yəni yaş artdıqca onların payı azalmayıb, əksinə, dəfələrlə artıb.

Bundan əlavə, bu hüceyrələrin təxminən üçdə birinin “klonlar” – eyni ilkin hüceyrənin törəmələri olduğu müəyyən edilib. Uzunömürlülərdən birində isə klonların payı 50 faizə çatıb. Bu, uzunömürlülərin immun sisteminin illər ərzində müəyyən davamlı təhlükələrə qarşı məqsədyönlü müdafiəni gücləndirdiyini göstərir.

Bu hüceyrələr zədələnmiş, yoluxmuş və şiş hüceyrələrini tanıyaraq məhv edir. Buna görə də onların çoxluğu dərin qocalıq dövründə xəstəliklərdən qoruyan bir növ “sığorta” rolunu oynaya bilər.

“İmmun sisteminin qocalması sadəcə zəifləmə prosesi deyil”, – Osaka Universitetinin immunoloqu Kosuke Haşimoto başda olmaqla tədqiqatın müəllifləri qeyd edirlər.

Bununla belə, alimlər araşdırmanın məhdudiyyətlərini də etiraf edirlər: tədqiqat qrupu kiçikdir və yalnız bir ölkəni təmsil edir. Buna görə də əldə olunan nəticələr daha müxtəlif qruplar üzərində aparılacaq araşdırmalarla təsdiqlənməlidir.

Almaz Həsənli