İmmuniteti dəri xərçəngi ilə müstəqil mübarizə aparmağa "öyrətməyin" yolu tapılıb

İmmuniteti dəri xərçəngi ilə müstəqil mübarizə aparmağa "öyrətməyin" yolu tapılıb

11:08
Bəyəndim (1) Bəyənmədim (0)

Melanomaya qarşı eksperimental fərdi peyvənd olan "Intismeran autogene" klinik sınaqların üçüncü fazasında müsbət nəticələr göstərib. Oxuməni.az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb. Preparat cərrahi yolla şiş çıxarıldıqdan sonra melanoma xəstəliyinin gec mərhələsində olan pasiyentlərdə "Keytruda" immunoterapiyası ilə birlikdə istifadə olunur.

1100-dən çox insanın iştirak etdiyi tədqiqat, yalnız "Keytruda" istifadəsi ilə müqayisədə residivsiz sağqalma göstəricilərində statistik cəhətdən əhəmiyyətli dərəcədə yaxşılaşma olduğunu göstərib. Ətraflı rəqəmsal nəticələr hələlik dərc olunmayıb. Onların preparatın tətbiqinə icazə alınması üçün müraciət edilməzdən əvvəl tibbi konqresdə təqdim edilməsi planlaşdırılır.

"Intismeran autogene" adlanan peyvənd matris RNT (mRNT) texnologiyasından istifadə edir. Bu, orqanizm hüceyrələrinə müəyyən zülalların istehsalı üçün müvəqqəti təlimatlar ötürən molekuldur. Yeni terapiya zamanı bu təlimatlar konkret pasiyentin şiş mutasiyalarının xüsusiyyətləri nəzərə alınmaqla fərdi qaydada seçilir.

Preparat daxil edildikdən sonra hüceyrələr şişlə əlaqəli zülallar istehsal etməyə başlayır. İmmun sistemi onları xərçəng hüceyrələrinin əlaməti kimi tanıyır və şiş hüceyrələrini daha dəqiq aşkar edib məhv etmək imkanı qazanır.

Alimlər izah edirlər: "Peyvənd infeksiyalara qarşı ənənəvi profilaktik peyvəndlər kimi xərçəngin yaranmasının qarşısını almaq üçün deyil, immunitetə artıq mövcud olan şişlə mübarizə aparmağa və əməliyyatdan sonra qala biləcək hüceyrələri məhv etməyə kömək etmək üçün nəzərdə tutulub".

Nəşr qeyd edir ki, üçüncü fazanın müsbət nəticəsi peyvəndin tətbiq üçün icazə alması demək deyil. Bu mərhələ preparatın qeydiyyatından əvvəlki əsas addımlardan biridir, lakin tənzimləyici orqanlar terapiyanın effektivliyi və təhlükəsizliyi haqqında tam məlumatları qiymətləndirməlidirlər.

Melanoma dəri xərçənginin ən təhlükəli formalarından biridir. Tərtibatçıların təqdim etdiyi məlumatlara görə, 2022-ci ildə dünyada 330 mindən çox yeni xəstəlik halı qeydə alınıb.

Almaz Həsənli