Araşdırma: yaş artdıqca fiziki aktivliyin azalması xərçəng riskini artırır
Gündəlik fiziki aktivliyin cəmi bir neçə dəqiqə azalması xərçəngin inkişaf riski ilə əlaqəli ola bilər. Bu qənaətə 60 minə yaxın insanın məlumatlarını təhlil edən London Universitet Kollecinin (University College London) tədqiqatçıları gəliblər. Oxuməni.az xəbər verir ki, araşdırmanın nəticələri "BMC Medicine" jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı 61,7 olan 59 218 Böyük Britaniya sakini iştirak edib. Səkkiz illik müşahidələr zamanı iştirakçılarda 2385 xərçəng hadisəsi aşkarlanıb. Alimlər yuxu müddətini, oturaq vəziyyətdə keçirilən vaxtı və müxtəlif intensivlikdə fiziki aktivliyi təhlil ediblər.
Tədqiqatçılar daha çox hərəkətlilik ilə xərçəng riskinin azalması arasında əlaqə aşkar ediblər.
15 dəqiqəlik yuxunu və ya oturaq həyat tərzini 15 dəqiqəlik hərəkətlə əvəz etmək riskin 2% azalması ilə nəticələnib. Eyni zamanda, 30 dəqiqəlik fiziki aktivliyi 30 dəqiqəlik oturaq həyat tərzi ilə əvəz etmək riski 8% artırıb.
Tədqiqatın aparıcı müəllifi Con Miçell bildirib: "Araşdırmamız göstərdi ki, çox vaxtını oturaq keçirənlərdə xərçəngin inkişaf riski artır".
Alimlər həmçinin qeyd ediblər ki, əvvəllər aktiv olan insanlarda fiziki aktivliyin azalması sağlamlığa mənfi təsir göstərə bilər.
Almaz Həsənli


























































.jpg)



































