Xərçəng hüceyrələrini kimyaterapiyasız məhv etməyin yolu tapılıb
Alimlər kimyaterapiya, şüa terapiyası və ya cərrahi müdaxilə olmadan xərçəng hüceyrələrini mexaniki yolla məhv etməyə imkan verən texnologiya hazırlayıblar. Oxuməni az xəbər verir ki, metodun inkişafı ilə bağlı nəticələr "Advanced Science" jurnalında dərc olunub.
Texnologiyanın əsasında tibbdə uzun müddətdir toxumaların vizuallaşdırılması üçün boyayıcı maddə kimi istifadə olunan aminosianin molekulları — "molekulyar pnevmatik çəkiclər" dayanır. Yaxın infraqırmızı şüaların təsiri altında bu molekullar saniyədə təxminən 40 trilyon dəfə tezliklə titrəməyə başlayır. Bu vibrasiyalar xərçəng hüceyrəsinin membranını sözün əsl mənasında parçalayaraq, cəmi bir neçə dəqiqə ərzində onun məhvinə səbəb olur.
Laboratoriya təcrübələrində yeni metod xərçəng hüceyrələrinin 99 faizə qədərini məhv edib. Melanomalı siçanlar üzərində aparılan sınaqlarda heyvanların yarısı şişdən tamamilə xilas olub. Tədqiqatçılar həmçinin qeyd edirlər ki, infraqırmızı şüalardan istifadə sayəsində toxumaların və daxili orqanların dərinliyində yerləşən şişlərə də təsir etmək mümkündür.
Müəlliflər vurğulayırlar ki, texnologiya hələ inkişafın ilkin mərhələsindədir və insanlar üzərində sınaqdan keçirilməyib. Bununla belə, metod hüceyrələrin biokimyasına deyil, mexaniki quruluşuna təsir etdiyi üçün belə müalicəyə qarşı davamlılığın yaranma ehtimalı xeyli aşağıdır.
Almaz Həsənli




























































































