NASA Marsa nüvə enerji qurğusuna malik aparat göndərəcək

NASA Marsa nüvə enerji qurğusuna malik aparat göndərəcək

10:49
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Marsa nüvə enerji qurğusu ilə təchiz edilmiş "Space Reactor-1 Freedom" (SR-1) aparatını göndərməyə hazırlaşır. Oxuməni.az xəbər verir ki, bu barədə NASA "Politico" nəşrinə məlumat verib. Kosmik aparatın 2028-ci ilin sonunda Marsa yola düşməsi planlaşdırılır və layihəyə təxminən 2,1 milyard dollar xərclənməsi nəzərdə tutulur. Lakin bu məbləğ yekun deyil — NASA satınalma prosesi zamanı onu dəqiqləşdirəcək.

NASA bildirir ki, SR-1 nüvə parçalanması enerjisindən istifadə edən ilk planetlərarası kosmik aparatdır. "SkyFall" missiyası çərçivəsində o, planetin tədqiqi üçün Marsa üç robotlaşdırılmış helikopter çatdırmalıdır. Onlar NASA-nın əvvəllər Marsın öyrənilməsi üçün istifadə etdiyi "Ingenuity" helikopteri əsasında yaradılacaq.

"Ingenuity" 2021-2024-cü illərdə istifadə olunub. O, Marsa "Perseverance" marsoxodu ilə birlikdə çatdırılıb və helikopter marsoxodun çata bilmədiyi əraziləri öyrənərək 72 uçuş həyata keçirib. 2024-cü ilin yanvarında zədələndiyi üçün NASA helikopterdən istifadəni dayandırıb.

NASA-nın sənədində qeyd olunur ki, 2026-cı maliyyə ilində SR-1-in göndərilməsi proqramına 640 milyon dollar, 2027-ci ildə 890 milyon dollar, 2028-ci ildə 415 milyon dollar və 2029-cu ildə 180 milyon dollar xərclənməsi planlaşdırılır. Qeyd edək ki, bu rəqəmlər yalnız nüvə enerji qurğusuna malik aparatın dəyəridir və "SkyFall" missiyasının digər xərcləri bu məbləğə daxil deyil.

Almaz Həsənli