Orqanizmin qocalmasını ləngitməyin xoş bir yolu açıqlanıb
Mütəmadi olaraq kinoya, teatra, muzeylərə və konsertlərə getmək orqanizmin fizioloji qocalmasının ləngiməsi ilə əlaqəli ola bilər. Belə bir nəticəyə iki minə yaxın yaşlı insanın məlumatlarını təhlil edən yaponiyalı alimlər gəliblər. Oxuməni. az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Epidemiology and Community Health" (JECH) jurnalında dərc olunub.
Tədqiqatçılar İngiltərədə yaşayan və qocalma ilə bağlı uzunmüddətli araşdırmada iştirak edən 50 yaşdan yuxarı 1899 nəfərin məlumatlarını öyrəniblər. İştirakçılar kinoya, muzeylərə, incəsənət qalereyalarına, teatrlara, konsertlərə və operaya nə qədər tez-tez getdiklərini bildiriblər. Daha sonra bu məlumatlar orqanizmin real vəziyyətini əks etdirən on göstərici (arterial təzyiq, ağciyər funksiyası, hemoqlobin və xolesterin səviyyəsi, bədən kütləsi indeksi, əl sıxma gücü və yerimə sürəti) əsasında hesablanan "fizioloji yaş" ilə müqayisə edilib.
Məlum olub ki, mədəni tədbirlərə azı bir neçə ayda bir dəfə gedən insanların orta fizioloji yaşı 66,9 il təşkil edib. Mədəni həyatda demək olar ki, iştirak etməyənlərdə isə bu göstərici 69,9 il olub — fərq təxminən üç il təşkil edib.
Hətta gəlir səviyyəsi, məşğulluq, xroniki xəstəliklər və digər amillər nəzərə alındıqdan sonra belə, mədəni fəallıq şkalasındakı hər bir əlavə vahid fizioloji yaşın təxminən 31 gün azalması ilə əlaqəli olub. Müəlliflərin fikrincə, bu effekt mədəni istirahətin ünsiyyətə kömək etməsi, psixi vəziyyəti yaxşılaşdırması və daha sağlam həyat tərzi sürməyə motivasiya etməsi ilə izah edilə bilər.
Alimlər vurğulayırlar ki, mədəni fəallığın fizioloji qocalmaya təsiri müntəzəm fiziki yüklənmələrin effekti ilə müqayisə edilə biləcək səviyyədədir və gələcəkdə daha ətraflı öyrənilməyə layiqdir.
Almaz Həsənli





























































































