Elmi araşdırmalar göstərir ki, buz kompresi zədənin sağalmasını ləngidə bilər
MakGill Universitetinin alimləri müəyyən ediblər ki, zədədən sonra buz tətbiq etmək ilk saatlarda ağrını yüngülləşdirsə də, bərpa prosesini ləngidə və ağrılı hissləri uzada bilər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Anesthesiology" jurnalında dərc olunub.
Onillərdir ki, soyuq kompreslər burxulmalar, əzilmələr və digər yumşaq toxuma zədələri üçün əsas ilkin yardım vasitələrindən biri hesab olunur. İnanılır ki, buz iltihabı və şişkinliyi azaldır, bununla da daha sürətli sağalmaya kömək edir. Lakin yeni tədqiqat bu praktikaya şübhə yaradır.
Alan Edvard Ağrı Tədqiqatları Mərkəzinin komandası soyutmanın bərpa prosesinə necə təsir etdiyini öyrənmək üçün siçanlar üzərində təcrübələr aparıb. Zədənin iki modelində – kimyəvi yolla yaranan iltihab və intensiv fiziki hərəkətdən sonra əzələ zədələnməsi – buz həqiqətən də ağrını tez yüngülləşdirib və şişkinliyi azaldıb. Lakin sonra gözlənilməz effekt yaranıb.
Krioterapiya alan heyvanlarda ağrı 30 gündən çox davam edib, müalicə olunmayan siçanlar isə təxminən 15 günə sağalıb.
Tədqiqatın aparıcı müəllifi Lukas Limanın sözlərinə görə, nəticələr bir paradoksa işarə edir: qısamüddətli perspektivdə iltihabı azaldan və ağrını yüngülləşdirən üsullar, tam bərpa üçün lazım olan bioloji prosesləri poza bilər.
Tədqiqatçılar müəyyən ediblər ki, sağalma prosesində mühüm rol oynayan neytrofillər – zədə nahiyəsinə ilk gələn və toxuma bərpasını başlatan immun hüceyrələrdir. Soyutma, görünür, onların işini pozur. Alimlər süni olaraq soyudulmuş ətrafa neytrofillər daxil etdikdə, uzunmüddətli ağrı adi vaxtlarda yox olub.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvanlar üzərində əldə olunub, buna görə də onları birbaşa insana tətbiq etmək olmaz. Lakin artıq insanlar iştirakı ilə klinik sınaqlar başlayıb. Əgər məlumatlar təsdiqlənsə, zədələrin müalicəsinə adi yanaşma dəyişə bilər. Buz hələ də vəziyyəti tez yüngülləşdirmək qabiliyyətinə malikdir, lakin bu yüngülləşmə üçün, bəlkə də, daha uzun bərpa dövrü ödəmək lazım gələcək.
Almaz Həsənli































































































