Şəffaf sidiyin yaranmasının təhlükəli səbəbi açıqlandı

Şəffaf sidiyin yaranmasının təhlükəli səbəbi açıqlandı

15:33
Bəyəndim (3) Bəyənmədim (0)


Çox açıq, demək olar ki, şəffaf sidik həddindən artıq su qəbulunu göstərə bilər və orqanizmdə balans pozğunluğunun əlaməti ola bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “HuffPost”-a verdiyi açıqlamada Hartford Universitetinin Sağlamlıq Mərkəzinin mütəxəssisi Kolin Munyos məlumat verib.
Onun sözlərinə görə, həddindən artıq maye qəbulunun əsas təhlükəsi sinir sistemi və əzələlərin fəaliyyəti üçün vacib olan elektrolitlərin durulaşmasıdır. Elektrolitlər orqanizmin mayelərində həll olunan, ionlara ayrılan və elektrik cərəyanını keçirə bilən mineral maddələrdir.
Orqanizmin bütün sistemlərində dövr edən su və elektrolitlərin nisbəti homeostazı təmin edir – daxili mühitin sabitliyini, əksər biokimyəvi proseslərin gedişini nəzarətdə saxlayır və həyati vacib orqanların funksiyalarına cavabdehdir.
"Su-elektrolit balanssızlığı baş ağrısı, ürəkbulanma və qıcolmalara, ağır hallarda isə beyin ödeminə və hətta komaya səbəb ola bilər. Belə pozğunluqlar, xüsusilə böyük həcmdə su qəbul edildikdə, idmanla fəal məşğul olan insanlarda sürətlə inkişaf edə bilər", - deyə alim xəbərdarlıq edir.
Ekspert qeyd edir ki, yalnız qəbul edilən mayenin miqdarına deyil, orqanizmin siqnallarına da diqqət yetirmək lazımdır. Normalda sidik açıq-sarı rəngdə olur. Tamamilə şəffaf çalarlar suyun həddindən çox olmasını göstərə bilər, tünd rəng isə daha çox susuzluğu bildirir.
Munyos əlavə edib ki, fiziki yüklənmələr zamanı sutkalıq maye qəbulu adətən iki-dörd litr arasında olur, bu da təkcə suyu deyil, digər içkiləri və maye qidaları da əhatə edir.
Almaz Həsənli