Siçanlara insan "dil geni”ni  yeritdilər - nəticə alimləri təəccübləndirdi

Siçanlara insan "dil geni”ni  yeritdilər - nəticə alimləri təəccübləndirdi

12:43
Bəyəndim (3) Bəyənmədim (0)

İnsan nitqinin necə inkişaf etdiyini anlamaq üçün alimlər siçanlara "dil geni" yeritdilər. Tədqiqatçılar gözlənilməz nəticələr əldə etdilər: gəmiricilərin çıxardığı səslər xeyli dəyişdi. Bu barədə Oxuməni.az “Mignews.com”a istinadla xəbər verir.

İnsan geni yeridilmiş siçan balaları fərqli cikkildəməyə başladılar. Onların siqnalları - analarını çağırmaq üçün çıxardıqları səslər - daha yüksək tonda idi və adi siçanlardan fərqli səs kombinasiyalarını ehtiva edirdi.

"Bütün siçanlar analarını cəlb etmək üçün ultrasəs siqnalları yayırlar. Lakin insan geninə malik olan fərdlərdə biz səslərin fərqli "yazılı" olduğunu gördük", - Rokfeller Universitetindən tədqiqatın aparıcı müəllifi Robert Darnell izah edib.

Böyüdükdə fərqlər daha da nəzərə çarpdı. İnsan geni olan erkək siçanlar dişilərə fərqli "mahnılar" oxumağa başladı - onların siqnalları adi siçanlardan daha mürəkkəb və müxtəlif idi.

"Onlar həqiqətən fərqli şəkildə "danışırdılar". Bu cür dəyişikliklərin təkamülə necə təsir edə biləcəyini təsəvvür edə bilərsiniz", - Darnell əlavə edib.

Bütün bu dəyişikliklər beyin fəaliyyətində iştirak edən və quşlardan tutmuş məməlilərə qədər müxtəlif heyvanlarda olan NOVA1 geni ilə əlaqədardır. Lakin insanlarda bu gen bir qədər fərqlidir: zülalında cəmi bir amin turşusu başqası ilə əvəz olunub. Məhz bu kiçik fərq səsli ünsiyyətə cavabdeh olan genlərin işinə təsir göstərir.

Əvvəlcə NOVA1-in insan versiyasının siçanlarda olduğu kimi işlədiyi görünsə də, sonradan onun səslə əlaqəli DNT bölgələrinə hələ də fərqli şəkildə təsir etdiyi məlum oldu.

"Biz bunu gözləmirdik. Bu, əsl kəşf idi", - tədqiqatın həmmüəllifi Yoko Tajima deyib.

Qeyd olunur ki, “Homo sapiens”in ən yaxın qohumları olan Neandertal və Denisovalılarda bu NOVA1 variantı yox idi. O, müasir insanların əcdadlarında Afrikada meydana gəlib və daha sonra planetə yayılıb.

Almaz Həsənli