Ölkədən hər il 100 milyon dollarlarla vəsait belə çıxarılır - Şok
Dünya bazarında ərzaqlıq buğda sürətlə bahalaşmaqda davam edir. Mövcud qiymətlərlə 2020-ci ilin iyun ayındakı qiymətlər arasında kəskin fərq var.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə konkret.az-da gedən yazıda deyilir. Adı çəkilən nəşr yazır ki, ötən ilin iyununda xarici bazarlarda buğdanın bir tonu 170 dollar olduğu halda, 2021-ci ilin yanvarında 238 dollar, ötən fevralda isə 246 dollar olub.
Beləcə, son 8 ayda buğdanın qiyməti hər tonda 76 dollar və ya 44,7 faiz artıb. USDA-nın 2020-ci ilin mart ayına olan hesabatına görə dünya dövlətləri arasındakı xarici ticarətdə buğdanın ümumi həcmi 184 milyon ton təşkil edib. Bu da səkkiz il əvvəlki göstərici ilə nisbətdə 20 faiz çoxdur.
Deməli, ərzaqlıq buğda qıtlığı getdikcə qaçılmaz hal halır. Ona görə də buğdanın dünya bazarında qiyməti günbə-gün artır.Yəqin ki, buğdanın qiymətindəki artım iyuna qədər davam edəcək. Belə vəziyyətdə isə ölkəmizin ərzaq sektorunu ciddi sınaq gözləyir. Nəzərə alaq ki, azərbaycanlılar dünyada ən çox çörək istehlak edən ölkələrdən biridir.
Eyni zamanda ölkəmiz ən çox ərzaqlıq buğda idxal edən ölkələrdən biridir. Rəsmi statistikaya görə, 2019-cu ilin məlumatına əsasən, ölkəmiz 1,585 milyon ton, 2020-ci ildə isə 1,365 milyon ton buğda idxal edib. Ötən il buğda idxalı azalsa da, xaricdən alınan buğdanın miqdarı hələ də çoxdur. Həmin miqdar nəzərə alınarsa, Azərbaycan dünyanın ən çox buğda idxal edən 20 ölkəsindən biridir. Ölkəmiz buğda idxalına görə 200 ölkə arasında 17-18-ci yerlərdə qərarlaşır.
Dünya bazarında baş verən proseslər Azərbaycan üçün o qədər də təhlükəli görünmür. Çünki ölkəmiz kifayət qədər valyuta ehtiyatına malikdir. Məhz bu hesaba da dünyanın istənilən diyarından ərzaqlıq buğdanın alınıb ölkəmizə gətiriləcəyinə heç kim şübhə etmir. Həm də bu işdə bəzi qurumların güclü korporativ maraqları var. Hər zaman mətbuata qapalı olan Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədovun birdən-birə müydana çıxması və modern.az-a müsahibə verməsi də maraqlı tərəflərin artıq hərəkətə keçdiyinin əyani sübutudur. Zülfüqar Məmmədov müsahibəsində çox inamlı danışır. Deyir ki, “Əhalinin keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu həssas sahə üzrə verdiyi göstərişlər, imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar, xüsusilə də çörək təminatı sahəsində bolluğun və qiymət sabitliyinin təmin edilməsinə səbəb olmuşdur”.
Zülfüqar müəllim hamının bildiyi həqiqətləri təkrarlayır. Bəllidir ki, Prezident İlham Əliyev əhalinin ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırır və bu istiqamətdə bütün zəruri addımların atılması üçün gərəkən göstərişləri verir. Və bundan sonra da belə olacaq.
Amma qeyd eləmək vacibdir ki, Dövlət Taxıl Fondunun fəaliyyəti ilk gündən qeyri-şəffaf təşkil edilib. Çünki Fond ərzaqlıq buğda ehtiyatlarını əsasən xarici dövlətlərin istehsalı hesabına formalaşdırır. Bir dəfə bunun səbəbini Zülfüqar Məmmədovdan soruşmuşam. Cavabı isə belə olub: “Azərbaycanda istehsal olunan buğda Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab vermir”.
Amma o zaman hər ikimiz də bilirdik ki, bu fikirlərin heç bir əsası yoxdur. Sadəcə Zülfüqar müəllim belə demək məcburiyyətində idi. Çünki ölkəmizdə az-çox buğda istehsal olunur. Və həmin buğdadan hazırlanan çörəkdən indiyə qədər heç kim nə zəhərlənib, nə də ki, hansısa xəstəliyə yoluxub. Bu, sadəcə hər il yüz milyonlarla dollar vəsaitin ölkədən çıxarılmasına xidmət edir. Hələ onu demirəm ki, xarici ölkələrdə aparılan alqı-satqı əməliyyatlarının özü də qaranlıq məsələdir.
Dövlət Taxıl Fondunun sədri müsahibəsində daha sonra deyir ki, “Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 406 nömrəli Qərarı ilə Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona (?) qaldırılıb ki, bu da daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, istisna hallarda qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir”.
Görəsən, Zülfüqar müəllim öz dediyinə inanırmı? Hansı rəqabət mühitindən danışır. Hamı bilir ki, ölkədə un istehsalı monopoliyadadır. Taxıl istehsalçılarına gəldikdə isə, o rəqabət də yoxdur. Çünki rəqabət mühitini Dövlət Taxıl Fondu yaratmalıdır. Fondsa azərbaycanlı taxıl istehsalçılardan “küsüb”. Deyir ki, “Sizin istehsal etdiyiniz buğda çox zibilli və zərərlidir. Ona görə də Allah versin ruslara”.
Son bir ildə ölkəmizə 1 milyon 500 min tona yaxın buğda idxal edilib. Onun da yarısını Dövlət Taxıl Fondu gətirib. Və bu məsələdə diqqətçəkən məqamlardan biri idxal olunan buğdanın əsasən Rusiyadan alınmasıdır. Amma əvvəllər ölkəmizə daha çox Ukraynadan və Qazaxıstandan buğda gətirilirdi. Bu barədə növbəti yazımızda danışacağıq. Hələliksə mövzudan yayınmayaq. Mən yazımın əvvəlində qeyd etdim ki, Dövlət Taxıl Fondunun sədri mətbuata qapalı şəxsdir. Yazını hazırlayarkən “Google.com“da axtarış apardım. Fondun ən sonuncu məlumatı 2019-cu ilin avqustunda yayımlanıb. Fond sədrinin mətbuatdan qaçmasının bir sıra səbəbləri var.
Onların birini deyim. 2018-ci ilin oktyabrında FHN-nin mətbuat xidmətinə müraciət etdim. Dedim ki, “Taxıl Fondu buğda tədarükünü artıq başa çatdırıb. İstərdik ki, bir material hazırlayaq. Görək Fond ehtiyatlarını hansı resurslar hesabına ödəyib?”
Səhərisi gün mənə zəng gəldi. Dönə-dönə xahiş etdilər ki, bu dəfə bu məsələ qalsın. Səbəbini soruşdum. Dedilər ki, “Öz aramızda qalsın biz əsasən taxılı xaricdən alırıq. Onun da tez-tez hallandırılması bəzi qurumlarda qıcıq yaradır”.
Amma Dövlət Taxıl Fondunun sədri bu dəfə təşəbbüskar kimi görünür. Çünki kabab iyi gəlir. Və bu müsahibədən ap-açıq hiss olunur. Zülfüqar Məmmədov deyir ki, “Yüksək keyfiyyətli ərzaqlıq buğda ehtiyatımız 500 min tona yaxındır. Bununla yanaşı, saxlanılma müddəti başa çatmış taxılın istifadəyə buraxılmasından əldə edilən vəsait hesabına əlavə olaraq yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarük edilməsi istiqamətində Rusiya və Qazaxıstandan olan buğda istehsalçıları ilə danışıqlar aparılır(?)”. Əslində bu cəmiyyətə və hökumətə bir mesajdır.
Yəni ehtiyat azalıb. Əlavə buğda alınmasına ehtiyac var. Rusiya və Qazaxstandakı müştərilərimiz də bizi gözləyir.
Müsahibədə diqqət çəkən məqamlardan biri də Zülfüqar müəllimin qiymət məsələsinə toxunmasıdır. Deyir ki, “Hazırda Dövlət Taxıl Fondundan un istehsalçıları olan müəssisələrə buğdanın bir tonu 185 manat 60 qəpiyə buraxılır. Belə qiymətlə yerli taxıl bazarına dövlət tərəfindən həyata keçirilən ciddi intervensiyanın nəticəsidir ki, əla növ 50 kq-lıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub. Bu isə, öz növbəsində, ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanılması üçün əsas zəmindir, yəni çörəyin qiymətinin yüksəldilməsinə heç bir əsas yoxdur”.
Görəsən, Dövlət Taxıl Fondunun sədri satış qiymətlərini dediyi kimi buğdanın alış qiymətlərini niyə açıqlamır?
Yuxarıda söylədiyimiz fikirlərə münasibəti öyrənmək və söyləmədiyimiz bəzi suallara yaxın günlərdə Dövlət Taxıl Fondundan cavab almağa çalışacağıq. Bizi izləyin…












































.jpg)
.jpg)




.jpg)


















.jpg)














