Etik davranış qaydalarını pozan 54 dövlət qulluqçusu işdən azad edildi
Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 62 müraciət daxil olub. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, daxil olan müraciətlərdən 10-nun əsassız olduğu müəyyən olunub və 32 müraciət baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib. Daxil olan şikayətlərdən 2-si məhkəmə icraatında olduğu və 2-si isə müvafiq məhkəmələrin səlahiyyətinə aid olduğu üçün baxılmayıb. Bu müraciətlərdən 16-sı Komissiyanın "Qaynar xətti"nə daxil olmuş müraciətlərdir.
Ümumilikdə, etik davranış qaydalarının pozulması ilə bağlı
daxil olmuş 16 müraciət müsbət həll edilib. Belə ki, həmin müraciətlərin
baxılması nəticəsində etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin
pozulması ilə qarşılaşmış şəxslər müvafiq dövlət orqanlarına dəvət edilib, vəzifəli
şəxslər tərəfindən dinlənilib və müraciətlərində qaldırdıqları məsələlər üzrə
qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Daxil olan müraciətlərin çox
hissəsi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 8-ci
(insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və
işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (mədəni
davranış) maddələrinin tələblərinin pozulması ilə bağlı, digər hissəsi isə
4.1-ci (vicdanlı davranış), 5.2-ci (peşəkarlıq və fərdi məsuliyyətin
artırılması), 12.1-ci (maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin
əldə edilməsinə yol verilməməsi), 15.1-ci (maraqlar toqquşmasının qarşısının
alınması) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.
Komissiyaya daxil olmuş müraciətlərin təhlilindən müəyyən
olunur ki, etik davranış qaydaları haqqında qanunvericiliyin müddəalarının tələbləri
əsasən yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları tərəfindən
pozulur. Hesabat dövründə "Dövlət qulluqçularının etik davranış qaydaları
haqqında" qanunun müddəalarının tələblərini pozan 679 dövlət qulluqçusu barədə
intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 619-u
mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq
edilib. Tətbiq edilmiş 619 intizam tənbeh tədbirindən 541-i töhmət, 32-si dövlət
qulluğundan azad edilmə, 24-ü vəzifə maaşının azaldılması növündə olub. Ötən il
yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarını pozan 60 dövlət
qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 39-u töhmət, 21-i
dövlət qulluğundan azad edilmə növündə olub.
O.M.