Sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı Xüsusi Komissiya fəaliyyətə başlayır
Sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı Azərbaycan Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın fəaliyyət qaydaları açıqlanıb. Nazirlər Kabinetindən verilən məlumata görə, qaydalarda Xüsusi Komissiyaya müraciət edilməsi və mübahisələrə baxılması, ümumi nəzarət və komissiyanın fəaliyyəti ilə bağlı məsələlər əksini tapıb.
Qərarda bildirilir ki, Xüsusi Komissiya üzvlərinin azı
2/3-si iclasda iştirak etdikdə, Komissiya qərar qəbul etmək hüququna malik
olur. Xüsusi Komissiyanın iclaslarında bankın nümayəndələri səsvermə hüququna
malik olmadan iştirak edirlər. Komissiya daxil olmuş müraciətləri ən gec 10 iş
günü ərzində araşdırır. Xüsusi araşdırma tələb olunan suallar yarandıqda
Komissiya müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən
edilmiş qaydada öz fəaliyyətinə cəlb edir, müvafiq dövlət orqanlarına sorğu
verir və təqdim olunmuş sənədləri rəy (ekspertiza rəyi) verilməsi üçün aidiyyəti
dövlət orqanlarına göndərir.
Müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, aidiyyəti
dövlət orqanlarından rəy (ekspertiza rəyi) almaq, əlavə sənədlər tələb etmək,
yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda, araşdırmanın müddəti daha
10 gün uzadılır. Həmçinin, Komissiyanın qəbul etdiyi qərarlar barədə əmanətçiyə
və Banka 3 iş günündən gec olmayaraq yazılı məlumat verilir. Xüsusi
Komissiyanın birdəfəlik ödəmənin verilməsinə dair qəbul etdiyi qərarlar Bank
üçün məcburidir.
Əmanətçi Komissiyanın qərarından qanunvericiliklə müəyyən
edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.
Qaydanın ümumi nəzarət bölməsinə gəldikdə isə burada qeyd
olunub ki, Komissiya birdəfəlik ödəmələrin verilməsi işinə ümumi nəzarətin həyata
keçirilməsi üçün bu işin təşkili vəziyyəti ilə yerində tanış olmaq, banka və ya
onun filiallarına gedərək müşahidələr aparmaq, əmanətçilərin rəyinin öyrənilməsi
üçün sorğular keçirmək və bu işlərlə bağlı müvafiq tapşırıqlar vermək hüququna
malikdir. Bank isə hər növbəti ayın 5-dən gec olmayaraq, birdəfəlik ödəmənin
verilməsi vəziyyəti barədə məlumatı Xüsusi Komissiyaya təqdim edir. Bu məlumatda
əmanətçilərin adları və ödənilmiş məbləğlər filiallar üzrə xronoloji
ardıcıllıqla verilir.
Xüsusi Komissiya isə bu məlumatları ümumiləşdirərək, hər
növbəti ayın 10-dək Maliyyə Nazirliyinə təqdim edir. Komissiya fəaliyyətini
başa çatdırdıqdan sonra onun fəaliyyəti ilə bağlı sərəncamda olan sənədlər
qanunvericiliklə müəyyən olunmuş qaydada Maliyyə Nazirliyinə təhvil verilir.
O.M.