![TQDK 2012-2013-cü tədris ili üçün yeni qəbul qaydalarını açıqladı](/assets/images/white.jpg)
TQDK 2012-2013-cü tədris ili üçün yeni qəbul qaydalarını açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını açıqlayıb. Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında "Abituriyentin elektron ərizəsi"ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər "Elektron ərizə"lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək.
Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25
test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və
fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda
riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində
açıq tipli test tapşırıqlarından istifadə ediləcək.
Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH
alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada
hesablanacaq. Həmin qrup üzrə Ana dili və Tarix fənləri əsas fənlər hesab
olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, Tarixdə 2, Riyaziyyat, Ədəbiyyat
və Xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.
Qəbul qaydaları "Abituriyent" jurnalının 1-ci sayında dərc edilib.
O.M.