
Vergilər Nazirliyi 3G texnologiyasına keçir
Vergilər Nazirliyi informasiya texnologiyaları şöbəsinin məlumatına görə, Azərbaycanda 3G texnologiyasının tətbiqi yeni vergi xidmətlərinin göstərilməsinə şərait yaradıb: "Vergi ödəyiciləri vergi orqanlarının əməkdaşları, habelə Nazirliyin idarə rəisləri ilə canlı bağlantı yaradıb danışa biləcəklər". Beləliklə, əvvəla 3G-nin tətbiqi vasitəsilə 195 xidmətinə adi zənglə yanaşı, video-zəng də etmək və lazım olan məlumatı video-bağlantı formasında da almaq mümkün olacaq.
Bu xidmətin daha maraqlı forması vergi xidmətinin nümayəndələri
ilə "video-qəbul" adlanan video-bağlantının yaradılması olacaq. Qeyd edək ki,
hazırda bu xidmətdən ölkənin regionlarında yaradılmış Vergi ödəyicilərinə Xidmət
Mərkəzləri və Ərazi Vergi İdarələrində istifadə etmək olar: "İndi isə biz bunu
genişləndiririk və vergi ödəyicilərinin harada olmasından - Bakıda, bölgələrdə,
hətta xaricdə olmasından asılı olmayaraq, nazirlik əməkdaşları ilə videotelefon
əlaqəsi yaratmaq mümkündür". Şöbə rəisinin sözlərinə görə, video-qəbula
yazılmaq istəyən şəxslər əvvəlcə 195 Telefon Xidmətinə zəng edib, bunun üçün əvvəlcə
video qəbul barədə müraciət etməli olacaqlar və onlara bunun nə vaxt mümkün
olması barədə SMS vasitəsilə məlumat gələcək. Həmin vaxt vergi ödəyicisi göstərilən
nömrəyə zəng vuraraq vergi əməkdaşı ilə video-zənglə danışa biləcək. Bu xidmətlərin
ilin sonuna tətbiq olunacağı gözlənilir.
Vergilər Nazirliyinin bəzi xidmətləri isə daha tez tətbiq
olunacaq. Belə ki, bu yaxınlarda istifadəyə təqdim ediləcək yeni layihəyə əsasən,
mobil telefon abunəçiləri SMS xidmətinə abunə ola biləcəklər. Şöbə rəisinin
sözlərinə görə, ölkədəki istənilən mobil operatorun istifadəçisi olan vergi ödəyicisi
vergi orqanı tərəfindən verilmiş "istifadəçi kodu və şifrəni" Flaş SMS vasitəsilə
yığmaqla avtomatik olaraq SMS xidməti üçün qeydiyyatdan keçərək abunə ola biləcək.
SMS xidmətinə abunə olan vergi ödəyiciləri vergi öhdəlikləri və əməliyyatları,
yəni, vergi ödəyicisi büdcəyə ödəniş etdikdə, yeni borcu yarandıqda, təqdim
etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq
yarandıqda, təqdim edilməli bəyannamələri olduqda, fəaliyyətini dayandırdıqda,
fəaliyyəti aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə,
vergi orqanı tərəfindən cari vergi ödəmələri hesablandıqda mütəmadi olaraq SMS
vasitəsilə məlumat alacaqlar. Bu xidmətin yaxın 1 ay ərzində tətbiqi gözlənilir.
Bu xidmət üçün mobil operator abunə haqqı tutacaq - aylıq abunə haqqı 1,18
manat. Növbəti addım mobil telefon vasitəsilə vergilərin ödənilməsi imkanının
yaradılması olacaq ki, hazırda bununla bağlı bütün telefon modelləri üçün
müvafiq proqramlar hazırlanır.
O.M.