
Əmlak Məsələləri Dövlət Komitəsində korrupsiyaya qarşı mübarizə gücləndiriləcək
Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2011-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Müşavirədə bildirilib ki, ötən il Komitədə Azərbaycan prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən, dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib.
Tədbirdə 2011-ci il yanvarın 27-də dövlət başçısının
tapşırığı ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında
verilmiş tapşırıqların icrası ilə bağlı Komitə tərəfindən keçən dövr ərzində
görülmüş işlər də müzakirə edilib. Bildirilib ki, bu məqsədlə Komitə üzrə
müvafiq əmrlər imzalanıb və icra tədbirləri görülüb. "ƏMDK tərəfindən dövlət əmlakının
özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində
qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin
olunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi xüsusi
prioritet təşkil edib. Proseduraların asanlaşdırılması, müraciətlərə vaxtında
baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində əməli tədbirlər
görülüb və bu işlər davam etdirilir".
Müşavirədə dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin
təşkili sahəsində görülən işlər də müzakirə edilib. Komitə sədri Kərəm Həsənov modern
və çevik idarəetmənin, fəaliyyət prosesində şəffaflığın və səmərəliliyin təmin
edilməsi məqsədi ilə tədbirlər görüldüyünü bildirib. Belə ki, Komitənin fəaliyyət
istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq
hazırlıq işləri aparılıb, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi,
tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər
hazırlanıb, Komitənin internet saytında elektron xidmətlər bölməsi yaradılıb.
Müşavirədə bildirilib ki, ötən il dövlət mülkiyyətinin özəlləşdirilməsi
və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sisteminin,
habelə reyestrinin aparılmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi,
daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlakın istifadəsinə dair 12
normativ hüquqi aktın layihələri hazırlanıb, onlardan bir qismi artıq təsdiqlənib.
Həmçinin, Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi
üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində həyata
keçirilən işlərin əlaqələndirilməsi, operativliyin və səmərəliliyin təmin edilməsi
məqsədi ilə fəaliyyət göstərən Əlaqələndirmə Komissiyası tərəfindən Tədbirlər
Planına uyğun olaraq 2011-ci il ərzində lazımi tədbirlər görülüb.
Müşavirədə qeyd olunub ki, ötən il Komitənin 193 nömrəli
"qaynar telefon xətti"nə 450-ə, rəsmi internet səhifəsi vasitəsi ilə isə 250-ə
yaxın on-line müraciət daxil olub. Daxil olan müraciətlər qeydiyyata alınaraq
operativ cavablandırılıb. Komitənin fəaliyyəti ilə bağlı ictimai məlumatlandırma
və maarifləndirmə işinin daha da gücləndirilməsi məqsədi ilə "Daşınmaz Əmlak
Aylıq İnformasiya Bülleteni" və "Mülkiyyət" qəzetinin nəşri davam etdirilib.
Müşavirənin sonunda K.Həsənov fəaliyyət proseslərində şəffaflığın
və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara
qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Bundan başqa, dövlət
əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində
hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir
tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da
artırılması məqsədi ilə Komitədə elektron xidmətlərin tətbiqinin
reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin
vacibliyi qeyd olunub.
Komitə sədri dövlət əmlakının səmərəli idarə edilməsi və
qorunub saxlanması, habelə zəbtolunma hallarının qarşısının alınması üçün işlərin
gücləndirilməsi, bu istiqamətdə yerlərdə ciddi nəzarət tədbirlərinin həyata
keçirilməsi barədə tapşırıqlar verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı
sahəsində proseduraları və sənədləşdirilməsi zamanı lüzumsuz sənədlərin tələb
edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə
vaxtında baxılması, xidmət keyfiyyətinin daha da artmasının vacibliyi, müraciətlərə
operativ baxılması, ictimai məlumatlandırma tədbirlərinin daha da genişləndirilməsinin
vacibliyi qeyd edilib.
O.M.