
Azərbaycanda 541 989 nəfər ailə üzvünü əhatə edən 120 478 ailə ünvanlı sosial yardım alır
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ötən ilin
yekunlarına dair toplantıda bildirib ki, Azərbaycanda 541 989 nəfər ailə üzvünü
əhatə edən 120 478 ailə ünvanlı sosial yardım (ÜSY) alır. Hər ailəyə ödənilən
yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil
edir. ÜSY təyin olunan ailələrdən 97,9%-i vəsaiti plastik kart vasitəsilə alır:
"Ötən dövr ərzində bu mexanizm daha da təkmilləşdirilib, yoxsul ailələrin bu
yardım növündən yararlanmaq imkanları daha da artırılıb. Eyni zamanda ünvanlı
yardımın hesablanması üçün götürülən ehtiyac meyarının məbləği ötən müddətdə 84
manata çatdırılıb ki, bu da 2006-cı ildəki 30 manatla müqayisədə 2,8 dəfə artım
deməkdir. Həmçinin yardım alan ailələrin təqribən 27%-i sosial reabilitasiya
olunaraq yoxsulluq həddindən tam çıxarılıb".
F.Ələkbərov bildirib ki, 2011-ci il bir sıra yeni aktiv
xarakterli sosial müdafiə proqramlarının işə salınması ilə əlamətdar olub: "Aztəminatlı
ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına
şərait yaradılması üçün Birdəfəlik sosial yardım - "Özünədəstək" proqramı
hazırlanıb. Proqramın cari ildən bütün ölkədə icrası planlaşdırılır. Artıq
digər pilot rayon olan Bakının Nizami rayonunda da layihə icra edilir".
Nazirin sözlərinə görə, ötən il nazirlik yanında Dövlət Məşğulluq
Xidməti tərəfindən 29 299 nəfər işsiz və iş axtaran vətəndaş münasib işlə təmin
olunub. Son illərdə ölkədə bərpa-müalicə şəbəkəsi daha da genişləndirilib və
indi nazirliyin ölkənin bütün regionları üzrə 14 bərpa mərkəzi fəaliyyət
göstərir ki, onlarda hər il 8 mindən çox əlil insana bərpa-müalicə xidməti
göstərilir. Respublika üzrə lazımi məlumatları özündə əks etdirən Vahid Məlumat
Bazasında 160 000 nəfərdən çox əlil haqqında informasiya toplanıb. İl ərzində
əlil və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması
məqsədilə indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi mənzil ilə təmin olunub.
Nazir deyib ki, bu vaxtadək 3250-yə yaxın əlil vətəndaş
minik avtomobili, 7500-dən çox əlil insan əlil arabası, xeyli sayda əlil müxtəlif
reabilitasiya vasitələri ilə təmin edilib: "2012-ci ilin tikinti planına
əsasən, Gəncə şəhərində, eləcə də Bakının Sabunçu və Suraxanı rayonlarında hər
biri 81 mənzilli, Sumqayıt şəhərində 96 mənzilli, Şəki və Şəmkir rayonlarının
hər birində 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə
veriləcək. Bununla yanaşı, cari il ərzində Bakının Səbail rayonunda 12
mərtəbəli 96 mənzilli, regionlarda isə 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli
binaların inşasına başlanacaq".
O.M.