
Büdcə təşkilatında çalışan bəzi əməkdaşların maaşları artırıldı
Azərbaycan Respublikası Nazirlər Kabinetindən verilən məlumata görə, "Dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında" Azərbaycan prezidentinin 2011-ci il 29 dekabr tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə qəbul edilən qərarda 17 elm və digər təşkilatlarda çalışanların aylıq maaşları müəyyənləşdirilib.
Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) prezidentinin aylıq əmək haqqı 1 513 manat, I vitse-prezidenti - 1 056
manat, AMEA-nın aparıcı mütəxəssis və mütəxəssislərinin maaşları 319 manat və
286 manat müəyyənləşdirilib.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektorunun
maaşı 968 manat, burada çalışan pedaqoji heyətin (professor, dosent, baş müəllim,
müəllim) maaşları 261-473 manat arasında müəyyənləşdirilib.
Qərara əsasən, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi,
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının İşçi Qrupu, Narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən
İşçi Qrupu, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin
Milli Kulinariya Mərkəzi, icra hakimiyyəti orqanları nəzdində mərkəzləşdirilmiş
mühasibatlıq işçiləri, dövlət arxivləri və onların filialları, rayon (şəhər)
dövlət arxivləri, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin aparatı,
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət və Turizm
Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris
Mərkəzi, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc), Müdafiə Sənayesi
Nazirliyi Milli Aerokosmik Agentliyinin idarə aparatı və AMEA-nın Elmi
İnnovasiyalar Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və
onun Naxçıvan filialı, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Azərbaycan
Prezidenti yanında Elmin İnkişafı Fondu, Azərbaycan Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının Katibliyi, Azərbaycan Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin aylıq vəzifə maaşları da müəyyənləşdirilib.
Bundan başqa, elm sahəsində vəzifə maaşlarına elmlər
doktoru elmi dərəcəsi üzrə 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 30
manat əlavə ediləcək. Bu qərarın əhatə etdiyi digər sahələrdə isə vəzifə
maaşlarında elmlər doktoru elmi dərəcəsi üzrə 30 manat, fəlsəfə doktoru elmi dərəcəsi
üzrə 18 manat əlavə ediləcək.
O.M.