Gəncə şəhərinin ərazisi 2 dəfə böyüdüləcək
Gəncədə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan Baş Planın konseptual layihəsi qəbul edilib.
Layihənin təqdimatında bildirilib ki, Gəncə ətrafında dairəvi
yol qurulması şəhərə daxil olan avtomobillərin sayının kəskin şəkildə
azalmasına səbəb olacaq. Şəmkir postundan Zazalı postuna və Göygölün "AZOS" qəsəbəsinədək
ərazini əhatə edəcək dairəvi yolun daxilindəki bütün ərazilər Gəncə şəhərinin
tabeçiliyinə veriləcək. Konseptual inkişaf layihəsinə əsasən, şəhərin ərazisi əlavə
veriləcək torpaqlar hesabına 8800 hektardan 17 min hektara çatdırılacaq.
Gəncənin Baş Planı layihəsinin müəllifi, Azərbaycan Dövlət
Layihə İnstitutunun memarı Rasim Əmirov hazırda şəhərdə sıxlığın 1 hektar / 97
nəfər nisbətində olduğunu bildirib: "Səbəb isə fərdi həyətyanı sahələrin çox
olmasıdır. Yeni planda biz bu göstəricini artırmışıq. Plana əsasən bu sıxlıq
orta hesabla 1 hektarda 110-120 nəfər təşkil edəcək olacaq. Şəhərdə nəqliyyatının
sıxlığının azaldılması məqsədi ilə bir sıra yollar genişləndiriləcək. Yeni
tikililərdə isə yolların enli götürülməsi əsas şərt olacaq".
Yeni Baş Plana əsasən şəhərdə bir sıra yeni zonaların
yaradılması nəzərdə tutulub. Bunlar sənaye, təhsil, səhiyyə, turizm, incəsənət
və mədəniyyət, istirahət zonalarıdır. Gəncənin iri sənaye mərkəzinə çevrilməsi
məqsədi ilə yaradılacaq sənaye mərkəzində əsasən ağır sənaye, innovasiya
tutumlu sahələr, toxuculuq və quşçuluq müəssisələrinin yaradılması
planlaşdırılır. Eyni zamanda planda şəhərin qədimliyini və tarixi abidələrini
qorumaq üçün milli qoruq zonası yaradılması da nəzərdə tutulur. Həmçinin çay kənarı
4.3 km ərazidə ilkin olaraq 2 kilometrdə bulvar yaradılacaq. Baş Plana əsasən,
ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət guşələrinin
artırılması nəzərdə tutulur. Şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsi
2251 hektara çatdırılacaq. Tikiləcək yeni çoxmərtəbəli binalarda avtomobil
dayanacaqları, xeyir-şər tədbirlərinin keçirilməsi məqsədilə ərazilər
ayrılacaq, parklar, uşaq meydançaları yaradılacaq.
Daha sonra şəhər ziyalılarının Baş Planla bağlı fikir və təklifləri
dinlənilib, baş planın şəhər üçün əhəmiyyətindən danışılıb. Təkliflər nəzərə
alınmaqla Gəncə şəhərinin Baş Planı qəbul olunub.
O.M.