
Jurnalistlər üçün 146 mənzilli bina Səbail rayonunun Əhəd Yaqubov küçəsində tikiləcək
Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətində 2011-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. Hesabatda bildirilib ki, 2011-ci ildə rayon ərazisində istifadəyə verilən "Hilton-Baku" mehmanxanası ilə yanaşı hazırda "Azneft" Meydanında yeni "Four Seasons" və Neftçilər prospektində "Marriot" (Abşeron) mehmanxanalarının, Mehdi Hüseyn küçəsində keçmiş "Moskva" mehmanxanasının yerində inşa edilən "Flame Tower (Alov qüllələri)" kompleksinin tikintisi başa çatmaq üzrədir. Dekabr ayında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "Arxeoloji park" adlı istirahət guşəsinin və dahi rəssam Əzim Əzimzadənin büstünün açılış mərasimi keçirilib.
Hesabatda paytaxtın Səbail rayonu ərazisində aparılan mühüm bərpa-tikinti işlərinə
də toxunulub. Qeyd olunub ki, "Eurovision-2012"yə hazırlıqla bağlı Şəhidlər
Xiyabanı Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri aparılır.
Burada yerləşən Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qəbirüstü abidəsi yenidən
qurulur, Parlament prospektində yeni yeraltı keçid inşa edilir, Bakı
Funikulyorunun tam şəkildə yenidən qurulması aparılır.
Abidələrin bərpa və konservasiyası üzrə əsas plana uyğun olaraq Avstriyanın
"Remmers" şirkəti tərəfindən paytaxtın ən məşhur tarixi abidəsi, Səbail
rayonunun rəmzi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işlərinə
də başlanılıb, qalanın ön hissəsində aparılan işlər 2012-ci ilin aprel ayında
başa çatacaq. Ümumiyyətlə isə qalada aparılan bərpa işlərinin 3 il ərzində başa
çatdırılması nəzərdə tutulub.
Paytaxtın mərkəzində "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni
mehmanxananın tikintisinə başlanılıb. Ötən il ölkə başçısının sərəncamına əsasən,
Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan
maliyyə vəsaiti hesabına Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri
işçiləri üçün 146 mənzilli yeni binanın tikintisinə qərar verilib, hazırda
burada tikinti işləri gedir və 2013-cü ilin avqust ayında binanın istifadəyə
verilməsi planlaşdırılır.
O.M.
Hesabatda
"Eurovision" mahnı müsabiqəsi ərəfəsində Səbail rayonunda da böyük hazırlıq işlərinin
aparıldığı qeyd olunub. Hesabatda bildirilib ki, ilk növbədə Dövlət Bayrağı
Meydanı yaxınlığında Almaniya şirkətləri tərəfindən müsabiqənin keçiriləcəyi məkanın
- 23 min tamaşaçı yerlik "Baku Crystal Hall"ın tikintisi çox böyük sürətlə
aparılır. Həmin məkanın ətrafında abadlıq quruculuq işləri davam edir. Bu ərazidən
keçən Bakı-Ələt avtomobil yolunun tikintisi, yol ətraflarının abadlaşdırılması,
yeni infrastrukturun yaradılması, Bakı Bulvarının Bayraq Meydanına kimi
uzadılması işləri aparılır. Müsabiqəyə hazırlıqla bağlı yeni mehmanxanaların
tikintisi də davam edir.