Putin "Türk axını"nın açılışında iştirak edəcək
Rusiya prezidenti Vladimir Putin "Türk axını"qaz kəmərinin inşasının başa çatması münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirak etmək üçün Türkiyəyə gedəcək.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə "İzvestya" qəzetinə müsahibəsində Putinin köməkçisi Yuri Uşakov deyib. Noyabrın 19-da keçiriləcək mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinlə bərabər bir çox ölkələrin dövlət rəsmiləri, çoxsaylı xarici qonaqlar və mətbuat nümayəndələri də iştirak edəcəklər. 1110 kilometr uzunluğu olan qaz kəmərinin 930 kilometri dənizin dibi, 180 kilometri isə quru ərazilə çəkilib. Qaz kəməri xətti Türkiyə ərazisi ilə Yunanıstanla sərhədə qədər uzanacaq. Kəmərin birinci xətti ilə Türkiyəyə ildə 15,75 milyard kubmetr qaz ixrac ediləcək. Avropaya nəqli nəzərdə tutulan qaz kəmərinin ikinci xətti istifadəyə veriləndən sonra isə onunla da dünya bazarına 15,75 milyard kubmetr qaz çıxarılacaq.










.jpg)










































































