Bakıda keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı müzakirələr aparılıb

Bakıda keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı müzakirələr aparılıb

19 Sentyabr 2018 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 19-da Dövlət Gömrük Komitəsində Amerika Birləşmiş Ştatları Narkotiklərlə Mübarizə Adminstrasiyasının nümayəndələri ilə görüş keçirilib.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, 2019-cu ilin 16-18 aprel tarixlərində Azərbaycan Respublikasında keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı müzakirələrin aparıldığı görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Nazirlər Kabinetinin, Daxili İşlər, Xarici İşlər, Maliyyə nazirliklərinin, Dövlət Təhlükəsizlik və Dövlət Sərhəd xidmətlərinin nümayəndələri iştirak ediblər.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev bildirib ki, 2019-cu ilin 16-18 aprel tarixlərində Bakıda keçiriləcək "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"la bağlı ABŞ-ın Narkotiklərlə Mübarizə Adminstrasiyasının nümayəndələri ilə cari ildə 2 dəfə görüş keçirilib və Azərbaycanın müvafiq qurumlarının iştirakı ilə keçirilən görüşlərdə təşkilati və logistika məsələləri müzakirə olunub. Komitə sədrinin müavini onu da vurğulayıb ki, konfransda 400-ə qədər qonağın iştirak etməsi nəzərdə tutulub və artıq konfransın keçiriləcəyi və tədbirdə iştirak edəcək insanların qalacaqları məkanlar müəyyənləşdirilib. Əsgər Avdullayev ölkəmizin kütləvi tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu, indiyə qədər Azərbaycanda müxtəlif sahələr üzrə onlarla beynəlxalq səviyyəli tədbirlərin keçirildiyini, "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"ın da yüksək səviyyədə təşkil olunması üçün bütün zəruri addımların atılacağını diqqətə çatdırıb.

ABŞ-ın Narkotiklərlə Mübarizə Adminstrasiyasının Orta Şərq üzrə direktoru Randal Vaqner beynəlxalq tədbirlərin təşkili sahəsində Azərbaycanın kifayət qədər təcrübəyə malik olduğunu, "Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans"ın keçirilməsi ilə bağlı da artıq müəyyən addımların atılmasını sevindirici hal kimi dəyərləndirib və təşəkkürünü bildirib. Randal Vaqner konfransın yüksək səviyyədə keçirilməsi üçün ölkəsinin də bütün imkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.

Görüşdə qısa zaman ərzində təşkilat komitəsinin yaradılması, maliyyə və təşkilati məsələlərin, konfransın gündəliyinin müəyyən edilməsi qərarlaşdırılıb.