
BMT illik hesabatında Azərbaycanla bağlı buraxdığı səhvi düzəltdi
BMT-nin İnkişaf Proqramı (UNDP) "İnsan İnkişafı Hesabatı 2011" adlı sənədində Azərbaycanın insan inkişafı indeksinə görə 91-ci yerdə qərarlaşmasının səhv olduğunu etiraf edib. Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin noyabrın 2-də UNDP tərəfindən "İnsan İnkişafı Hesabatı 2011" açıqlanıb. Yayılmış məlumatda insan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilmişdir: "Düzgünlüyü şübhə doğuran bu məlumat Dövlət Statistika Komitəsində kompleks təhlil edilib, "İnsan İnkişafı Hesabatı 2011"in müəlliflərinə, BMT-nin, UNESCO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət olunub və məsələnin araşdırılması xahiş olunub".
"Dövlət Statistika Komitəsinin iki aya yaxın bu sahədə apardığı təkidli
yazışmaları nəticəsində UNDP öz səhvini etiraf edib. Səhv "təhsilin orta
müddəti" göstəricisinin 11,1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8,6 il
kimi nəzərə alınması ilə bağlı olub. UNDP-nin "İnsan İnkişafı Hesabatı 2011"in
tərtibinə məsul şəxs Milorad Kovaçeviç baş vermiş anlaşılmazlığa görə
təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq
bəyan edib ki, bu xəta UNDP tərəfindən aradan qaldırılıb. Nəticədə, dünya
ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı
pillədədir", - deyə Komitədən bildirilib.
Həmin hesabatda "adambaşına ümumi milli gəlir" göstəricisi üzrə tərtib edilən
renkinqdə isə Azərbaycan 81-ci yerdə qərarlaşıb: "Beləliklə, Azərbaycan mühüm
əhəmiyyət kəsb edən başqa bir göstəriciyə görə də öz əvvəlki müsbət mövqeyini
qoruyub saxlayıb - "İnsan İnkişafı İndeksi" üzrə renkinqdəki yerimiz
"adambaşına ümumi milli gəlir" göstəricisi üzrə yerimizi 5 pillə qabaqlayıb. Ümumdünya
praktikasına görə isə bu, Azərbaycan iqtisadiyyatının insan inkişafı
məqsədlərinə kifayət qədər yaxşı istiqamətləndirilməsinin göstəricisidir".
O.M.