Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni təkliflərini yeni ilə saxladı

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni təkliflərini yeni ilə saxladı

23 Dekabr 2011 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda telefon abunəçilərinin yarısı yüksək sürətli internetə qoşulub və hər biri bunun üçün ayda ən azı 15 manat ödəyir. Bunu jurnalistlərlə görüşündə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib. Ə.Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Bakı şəhərində sabit telefon şəbəkəsində vaxta görə ödəniş sisteminin tətbiqinə dair irəli sürdüyü təkliflər paketini sonradan Tarif Şurasından geri çəkməsi məsələsinə aydınlıq gətirib. O bildirib ki, bu təkliflərin kommersiya baxımından heç bir əhəmiyyəti yox idi və gəlir əldə etmək üçün verilməmişdi: "Beynəlxalq aləmdə bu cür təcrübə mövcuddur və biz də həmin təcrübədən çıxış etmişdik. Bu gün Bakıda 700 min stasionar telefon var, onlardan 140 mini yüksək sürətli internetə qoşulub. Eyni zamanda 300 min stasionar telefon NGN texnologiyasına qoşulub ki, bunun da 40%-i yüksək sürətli internetə bağlıdır. Bakıda stasionar telefonların aylıq abunə haqqının qaldırılmasına ehtiyac yoxdur, amma istərdik ki, bizdə də beynəlxalq standartlar çərçivəsində olsun". Nazir etiraf edib ki, cəmiyyət hələ də RİTN-in sözügedən təkliflər paketini normal qəbul etmir: "Ona görə də qərara gəldik ki, gələn il məsələni geniş müzakirə edək və təkliflərimizin mahiyyətini ictimaiyyətə daha düzgün çatdıraq".

O.M.