
Bakıda Avropanın ən iri ailəvi əyləncə mərkəzi mart ayında istifadəyə veriləcək
Azərbaycanın tikinti sektorunun liderlərindən biri olan "Yeni Həyat" şirkəti Bakıda inşa olunan və Avropa regionunda analoqu olmayan qapalı ailəvi əyləncə mərkəzinin təqdimatını keçirib. Avropanın ən böyük qapalı ailə əyləncə mərkəzi Bakının mərkəzində inşa olunan multifunksional "Yeni Həyat" kompleksində yerləşir və artıq 2012-ci ilin mart ayında istifadəyə veriləcək. Ümumi sahəsi 10 539 kv. metr olan və "Megafun" adlanacaq əyləncə mərkəzində 169 oyun aparatı, 13 simulyator, 17 attraksion, 7 kinoteatr, 1 buz meydançası (150 kv. metr) və Azərbaycanda ilk dəfə 16 xətli boulinq zalı yer alacaq. Tərkibində mənzillərin, ofislərin, spa və fitnes mərkəzlərinin, uşaq bağçasının, gözəllik salonunun, tibb bərpa mərkəzinin, hotelin, mağazaların və restoranların yer aldığı bütöv bir kompleksin olması, bura gələn müştərilər üçün bütün günün rahat bir şəkildə keçirilməsinə imkan verəcək.
"Megafun" ailəvi əyləncə mərkəzi ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Yaponiya, Koreya və s. inkişaf etmiş ölkələrdən olan 20-dən çox istehsalçıların ən müasir avadanlıqları ilə təchiz olunub. Mərkəz bir gün ərzində minimum 2,5 min nəfərə xidmət göstərə biləcək. Ümumiyyətlə, "Megafun" gün ərzində 10 min nəfəri qəbul etmək imkanına malikdir. Mərkəzdə əyləncə aparatlarından yararlanmaq üçün kart sistemindən istifadə olunacaq. Qiymətlərə gəldikdə isə, əyləncə mərkəzində qiymətlərin münasib olacağı gözlənilir. Mərkəzin fəaliyyətə başlaması nəticəsində 200-250 yeni iş yeri yaradılacaq. Gələcəkdə "Yeni Həyat" şirkəti analoji əyləncə mərkəzlərini Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Şamaxı və Xaçmaz kimi şəhərlərdə də açmaq niyyətindədir. Qeyd edək ki, "Yeni Həyat" ilə layihəni birgə hazırlayan Türkiyənin "Meridyen" şirkəti və bu əyləncə mərkəzində avadanlıqları tətbiq edəcək Böyük Britaniyanın "LAI Games", ABŞ-ın "Qubica AMF", İspaniyanın "Intercard" şirkətləri arasında müştərək razılaşma sənədi imzalanıb.
O.M.