"Azercell" şirkəti Röya Ayxanın iddiasına cavab verdi

"Azercell" şirkəti Röya Ayxanın iddiasına cavab verdi

20 Dekabr 2011 22:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Azercell" şirkəti müğənni Röyanın bu şirkətdən Azərbaycanın baş prokuroru Zakir Qaralova etdiyi şikayətə münasibətini açıqlayıb. "Azercell" şirkətinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, "Zəngimcell" xidməti Azercell Telekom MMC və onunla əməkdaşlıq edən məzmun təminatçılarının ("kontent-provayderlər") birgə fəaliyyəti nəticəsində göstərilir: "Həmin xidmətin məzmunu tam həcmdə müvafiq tərəfdaşımız tərəfindən təmin edilir, müəssisəmiz isə müvafiq texniki məsələlərin həllinə cavabdehdir. Belə olduqda, xidmət çərçivəsində istifadə olunan musiqili əsərlərlə bağlı müəllif qonorarları ilə əlaqədar məsələlər məhz məzmun təminatçılarımız tərəfindən həll edilir. Odur ki, müğənni bu məsələnin həlli üçün müvafiq şirkətlərə və ya müəllif hüquqları ilə məşğul olan təşkilatlara müraciət etməlidir".
Xatırladaq ki, müğənni Röya bu gün ifaçılıq sənətinin məhsulu olan mahnılarından və adından icazəsiz istifadəyə görə "Azercell" şirkətindən şikayətçi olduğunu açıqlayıb və bu səbəbdən baş prokuror Zakir Qaralovun ünvanına şikayət ərizəsi yazıb.

O.M