
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Eurovision-2012" müsabiqəsinə hazırlaşır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, "Eurovision-2012" müsabiqəsi ərəfəsində nazirlik Bakıda internetə çıxış imkanlarının daha da artırılması üçün müvafiq idarə, müəssisə və provayderlərə tapşırıqlar verib. Belə ki, həyata keçiriləcək tədbirlər nəticəsində müsabiqə keçiriləcək kompleksdə hər istifadəçinin internetə qoşulma sürətinin 1 Mbit/saniyə sürət əldə etməsi şərti ilə 4 min nəfərlik internet bağlantısının (3 min nəfərin "Wi-Fi"dan istifadə etməsi, 1 000 nəfərin isə stasionar kompüterdən istifadə etməsi nəzərə alınmaqla) təmin edilməsi, kompleksdə, mətbuat mərkəzində və digər otaqlarda tələbata uyğun internetin təşkilinin və qlobal internet şəbəkəsi ilə əlaqənin bir neçə istiqamətdə alternativliyinin və ehtiyatlılığının təmin edilməsi, şəhər mərkəzindəki ticarət mərkəzlərində, restoranlarda və s. "Wi-Fi" (genişzolaqlı kabelsiz internet) xidmətinin tətbiqinin təşviq edilməsi və "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi kompleksdə yayım üçün 1 ədəd 8 Mbit/saniyəlik sürətə malik internet kanalının təşkili nəzərdə tutulub. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparılan işlərin daha keyfiyyətli və dayanıqlığını təmin etmək məqsədilə alternativ rabitəni də tətbiq edir.
O.M.