
Gəncliyin inkişafı üzrə Dövlət Proqramının icrasına 80 mln. manat ayrılacaq
Qarşıdakı 4 ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına 80 mln. manat vəsait ayrılacaq. bu barədə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib. Onun sözlərinə görə, vəsaitin ayrılması 2012-ci ildən başlanacaq: "Birinci il 20 mln. manat ayrılacaq".
İ.Babayev qeyd edib ki, gələn ilin gəncliyin inkişafı sahəsində yeni qurum -
Gənclər Fondu yaradılacaq. Fond gənclərlə iş sahəsində elmi, mədəni, təhsil,
sosial inkişaf və digər sahələrdə layihələrin həyata keçirilməsi üçün nəzərdə
tutulub: "Fondun vəsaitləri hesabına həm ölkədaxili, həm də beynəlxalq
layihələr icra olunacaq, gənclər təşkilatlarının müxtəlif təşəbbüsləri
dəstəklənəcək, gənc alimlərin fəaliyyətinin əlavə stimullaşdırılması həyata
keçiriləcək, xaricdən olan gənc tədqiqatçı və alimlərin Azərbaycanla bağlı
tədqiqatlarına dəstək veriləcək".
Nazir müavini deyib ki, Gənclər Fondunun əsasnaməsi artıq hazırdır və hazırda
hüquqi ekspertizası keçirilir: "Gələn il əsasnamə təsdiqləndikdən sonra fondun
fəaliyyətə başlaması gözlənilir. Fond həm dövlət büdcəsindən, həm də kənardan
maliyyələşə bilər. Bura ianələr, qrantlar, fondun öz fəaliyyəti nəticəsində
əldə etdiyi gəlirlər və s. daxildir".
O.M.