
Tikinti şirkəti tərəfindən aldadılmış 500 sakinə pulsuz mənzil verildi
"Mur-Ay" şirkəti tərəfindən aldadılmış ev sahiblərinə itirdikləri evlərin əvəzində "Şərur-İnşaat" şirkəti tərəfindən pulsuz evlərin paylanmasına başlanıb. Bu barədə "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundov məlumat verir. Onun sözlərinə görə, təklif ona hökumət tərəfindən daxil olub: "Mənə dövlət orqanları tərəfindən müraciət olundu, bu sahədə acınacaqlı vəziyyət yarandığını bildirdilər və soruşdular ki, iri tikinti şirkəti olaraq bu işin öhdəsindən gələ bilərikmi. Mən düşünmədən razılaşdım və söz verdim ki, bu işi yüksək səviyyədə yerinə yetirəcək və insanların hamısını evlə təmin edəcəyik. Biz iş adamı kimi, bu dövlətdə yaşayan insan kimi bu problemə biganə qala bilməzdik və bizə bununla bağlı təklif gələn kimi razılaşdıq. Şirkətin imkanlarını nəzərə aldıq və ağır yükün altına girdik".
Mənzillərin verilməsi aşağıdakı sxem üzrə aparılır:
"Mur-Ay"dan ev alarkən mənzilin pulunu tam ödəmiş şəxslərə evlər pulsuz
verilir, pulun bir hissəsini ödəyənlər isə qalan hissəni "Şərur-İnşaat"
şirkətinə ödəməli olacaqlar. Yeganə fərq ondan ibarətdir ki, sakinlər
"Mur-Ay"dan aldıqları evin hər kv. metrinin qiymətini 400 manata çatdırmalı
olacaqlar. Yəni mənzil sahibi "Mur-Ay"dan evi 350 manat/kv. m qiymətə alıbsa,
hər kv. metrə görə əlavə 50 manat, 380 manata alıbsa, hər kv. metrə görə əlavə
20 manat və s. ödəməlidir. Şirkət rəhbəri bunu hazırda evlərin qiymətinin 400
manatdan aşağı olmaması ilə izah edib: "Bu gün bazarda 400 manatdan aşağı
mənzil yoxdur, mənzilin maya dəyəri 400 manatdır".
İ.Axundovun sözlərinə görə, zərərçəkmişlərə evlər
"Şərur-İnşaat" şirkətinin həm tikilərək artıq istismara verilmiş binalarından,
həm də hazırda tikilməkdə olan binalarından verilir: "Hazır binalardakı
mənzillərin açarını təqdim edirik, başa çatmaqda olan binalarda isə işləri
artıq tamamlayırıq". Şirkət sahibinin sözlərinə görə, yarımçıq binalarda ev
verilən şəxslər də uzağı 2 ilə evlərini ala biləcəklər. Ümumilikdə "Şərur
İnşaat" şirkəti 1158 nəfər müştərini evlə təmin edəcək.
Artıq bu günədək "Mur-Ay"ın 500 nəfər müştərisi evlə təmin
edilib: "Uzun müddət ev almaqdan ümidlərini üzən adamlar indi bunu bayram
edirlər. Bunu görmək çox yaxşıdır. İstədiyimiz odur ki, həmin şəxslər görsün
ki, dövlət onların problemlərinin həllinə çalışır və buna şərait yaradır".
Bunun əvəzində hökumət "Şərur-İnşaat" şirkətinə Yasamal
rayonunda 4 hektar torpaq sahəsi və güzəştli şərtlərlə - illik 12% olmaqla uzun
müddətə 10 mln. manat kredit ayırıb. Bu kredit şirkətin mülkiyyətinin girov
qoyulması şərti ilə ayrılıb. Şirkət bu vəsaitlə həmin ərazidə də yaşayış evləri
tikmək niyyətindədir. Zərərçəkmişlərə verilən evlər isə "Şərur-İnşaat"ın öz
vəsaiti hesabına indiyədək tikilən evlər olacaq.
Qeyd edək ki, ölkənin ən böyük tikinti şirkətlərindən biri
sayılan "Şərur-İnşaat" şirkəti Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir və
iri yaşayış komplekslərinin və binaların tikintisi üzrə ixtisaslaşıb.
O.M.