Bakıda və Sumqayıtda yeni tikilmiş iki bina söküldü

Bakıda və Sumqayıtda yeni tikilmiş iki bina söküldü

9 Dekabr 2011 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirir ki, nazirliyin təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə iki yeni tikilmiş bina sökülüb. Onun sözlərinə görə, bu binalardan biri Sumqayıt şəhərində inşa edilib və texniki araşdırmalar zamanı onun təhlükəsizlik tələblərinə tam cavab vermədiyi aydınlaşıb. Eləcə də məlum olub ki, bu binadakı çatışmazlıqları əlavə bərkitmə işləri ilə aradan qaldırmaq mümkün deyil. Nəticədə, FHN bununla bağlı məhkəməyə müraciət edib və binanın sökülməsi barədə qərar qəbul olunub, bina sökülüb.

İkinci bina isə "Mütəfəkkir" MTK-nın binasıdır. E.Əsədov xatırladıb ki, həmin şirkətin inşa etdiyi binalardan biri tikintidə yol verilmiş pozuntular nəticəsində uçub və 25 nəfər həlak olub. Bu hadisələrdən sonra şirkətin inşa etdiyi digər binalarda da yoxlama aparılıb. "Məlum olub ki, daha 2 blokda təhlükəsizlik baxımından vəziyyət çox acınacaqlıdır. Sakinlərin həyatı təhlükədə olduğu üçün məhkəmənin qərarı ilə bina sökülüb və yerində hazırda yeni bina tikilir. Bu yaxınlarda həmin bina əvvəlki binada ev almış adamlara təhvil veriləcək", - deyə nazirlik rəsmisi vurğulayıb.

O.M.