
Nazirlik reyd zamanı "Azəryolservis" ASC-nin qanunsuz hərəkətlərini aşkar etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, nazirlik reydi zamanı Pirşağı qəsəbəsində "Qızılqum" sanatoriyasının yaxınlığında, Xəzər dənizinin sahil mühafizə zolağında "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) 1 nömrəli Yol İstismar İdarəsinə məxsus maşın və mexanizmlər vasitəsilə Xəzər dənizinin sahil zolağından qeyri-qanuni olaraq 3238 kubmetr həcmində qum qarışıq balıqqulağının qazılıb aparılması faktını aşkar edib.
Qanun pozuntusu faktı ilə bağlı ətraf mühitə 17780 manat məbləğində ziyan vurulub və qanunamüvafiq qaydada sənədləşdirilib. Nazirliyin əməkdaşları tərəfindən qeyri-qanuni qazıntı aparan maşın və mexanizmlər həmin sahədən çıxarılıb və ərazi nəzarətə götürülüb. Hazırda faktla bağlı "Azəryolservis" ASC-nin inzibati məsuliyyətə cəlb olunması və ətraf mühitə vurulan ziyan müqabilində cəmiyyətə qarşı iddia qaldırılması üçün aidiyyəti tədbirlər görülür.
Xatırladaq ki, reyd nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən "Yerin təki haqqında" qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq məqsədilə həyata keçirilib.
O.M.