
86 ildən sonra "Coca-Cola"-nın gizli resepti üzə çıxdı
ABŞ-ın dünyaca məşhur "Coca-Cola" şirkəti 86 il ərzində məhsulunun reseptini məxfi bir yerdə saxlayırdı. "Agence France-Presse"-in məlumatına görə, artıq reseptin saxlanıldığı yer dəyişdirilib. Şirkət rəhbərliyi 86 il əvvəl əllə yazılmış resepti bu günlərdə bankın saxlanılma yerindən götürərək, ABŞ-ın Corciya ştatının Atlant şəhərində yerləşən "World of Coca-Cola" muzeyinə gətirib. Şirkətin rəhbəri Muhtar Kent bu barədə açıqlama verib: "Bu, "Coca-Cola" tarixində əlamətdar bir gündür və içkinin yaranmasının 125 illik yubileyinə gözəl bir töhfədir".
Məşhur qazlı içki "Coca-Cola" 1886-cı ildə Atlant şəhərində yaşamış əczaçı Pemberton tərəfindən icad olunub. Yarandığı gündən bəri onun resepti gizli saxlanılıb, yalnız bir neçə nəfər onu əzbərdən bilib. Aradan xeyli müddət keçdikdən sonra resept əllə yazılaraq gizlədilib. Daha doğrusu, 1919-cu ildə şirkətin o vaxtkı rəhbəri Ernest Vudraf Nyu-York bankından kredit alarkən təminat (zaloq) kimi yazılı resepti banka verib. Kredit 1925-ci ildə tam ödənildikdən sonra resept Atlant şəhərində yerləşən "SunTrust" bankında gizlədilib.
Deyilənə görə, məşhur içkini icad etmiş əczaçı kokos ağacının şirəsindən istifadə edib və alınmış şirəni su ilə qataraq kütləvi istehsala buraxıb. Alıcılar "Coca-Cola"-nın ilk variantını bəyənmədikləri üçün əczaçı Pemberton müflis olub. O, yaxın dostunun məsləhəti ilə həmin şirəni qazlaşdırılmış su ilə qarışdıqdan sonra alıcıların damaq dadını oxşayıb və "Coca-Cola" dünyada məşhurlaşmağa başlayıb.
Şirkətin məlumatına görə, hər gün dünyanın 200-dən çox ölkəsində alıcılar "Coca-Cola" brendi altında 1,7 milyard məhsul istehlak edirlər.
Təbii su hamısından dadlı və faydalıdır. Əlbəttə ki, əgər "Golden Water" markalıdırsa. "Golden Water"- həyatınızı qızıl su ilə yazın...
Sərvər Aslanov
O.M.