
Dövlət büdcəsinə 156 475,17 manat borcu olan «Viləşcay İnşaat» MMC-nin mənzilləri hərraca çıxarıldı
Vergilər Nazirliyindən verilən məlumata görə, əsas satış obyekti şirkətin Abşeron rayonunda - Xırdalan şəhərində inşa etdiyi yeni binadakı mənzillərdir. Hazırda hərracda həmin binadakı 7 mənzil satışa çıxarılıb. Mənzillərin satışa çıxarılması şirkətin vergi borclarını ödəməməsi ilə bağlıdır. Belə ki, aparılmış vergi yoxlamaları nəticəsində "Viləşcay İnşaat" MMC-nin dövlət büdcəsinə 156 475,17 manat borcu olduğu müəyyən edilib. 2010-cu ilin oktyabrın 22-də şirkətə vergi borcunun ödənilməsinə dair son bildiriş göndərilib, 2011-ci ilin yanvarın 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq şirkətin əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb: "Bu qərara uyğun olaraq yanvarın 10-da "Viləşcay İnşaat" MMC-yə məxsus yeni inşa edilmiş binadakı 166 950 manat məbləğində əmlak - mənzillər siyahıya alınaraq müvafiq protokollar tərtib olunub, vergi borclarının 30 gün müddətində ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə şirkətə müvafiq xəbərdarlıq göndərilib".
Lakin edilən xəbərdarlıqlar lazımi nəticə vermədiyindən, Vergilər Nazirliyi
fevralın 7-də müvafiq iddia ərizəsi ilə Sumqayıt İnzibati İqtisad Məhkəməsinə
müraciət edib və iddia tam təmin edilərək siyahıya alınmış əmlakın satılması
barədə qətnamə çıxarılıb. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra
icraya yönəldilib.
Nazirlikdən o da bildirilib ki, vergi borclarının məcburi alınması tədbirləri
məhkəmələrə müraciət edilməsi ilə tamamlanıb. Məhkəmə qətnaməsi qanuni qüvvəyə
mindikdən sonra onun icrası icra məmurları tərəfindən həyata keçirilir.
Beləliklə, "Viləşcay İnşaat" MMC-nin Xırdalan şəhəri 28-ci məhəllədəki binadakı
7 mənzili hərraca çıxarılıb. Yeri gəlmişkən, ilk hərracda satılmadığına görə
mənzillərin qiyməti 10% azaldılıb. Nəticədə 50 kv. m-lik mənzillər 14 400
manata, 51 kv. m-lik 14 688 manata, 60 kv. m-lik mənzil 17 280 manata, 77 kv.
m-lik mənzil 22 176 manata, 81 kv. m-lik mənzil 23 328 manata, 108 kv. m-lik
mənzil isə 31 104 manata satılır. Başqa sözlə, mənzillərin hər kv. metrinin
qiyməti təqribən 290 manatdan satılır.
"Viləşcay İnşaat" MMC-nin özündə mənzillərin hərraca çıxarıldığını
təsdiqləsələr də, icraçı direktor Qüdrət Zamanov bildirib ki, şirkət vergi
borclarını ödəməyə başladığına görə bu proses dayandırılıb. Lakin Vergilər
Nazirliyində bu məlumat təkzib edilib.
O.M.