Milli Park "Bulvar"-ın ərazisi böyüyəcək

Milli Park "Bulvar"-ın ərazisi böyüyəcək

8 Dekabr 2011 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin may ayında Bakı buxtasının 4 nöqtəsindən götürülmüş dəniz suyu nümunəsində neft məhsullarının miqdarı minimum 4, maksimum 198, dəmirin miqdarı minimum 5, maksimum 7.6, 2 nöqtədən götürülmüş dib çöküntüsü nümunəsində isə neft məhsullarının miqdarı minimum 12.96, maksimum 332.94 dəfə normadan artıq müşahidə edilib.

Nazirlikdən bildirilib ki, "Azərsu" ASC tərəfindən Xəzər dənizinə axıdılan məişət-fekal çirkab sularının qarşısının alınması məqsədilə Hövsan Aerasiya stansiyasında yeni texnoloji xəttin çəkilməsi, şəhərdaxili təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin yağış kanalizasiyası şəbəkəsindən təcrid edilməsi nəticəsində Bakı buxtasına axıdılan çirkab suların həcmi gün ərzində 300 min kubmetr azaldılıb.
Məlumata əsasən, Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsi tərəfindən Bakı buxtasının ərazisindən 60-dan artıq batmış və yarımbatmış gəmi çıxarılıb. Hərbi Gəmi Təmiri zavodu, Hərbi Dəniz Qüvvələrinin yanalma körpüləri, İ. Allahverdiyev adına gəmi təmiri zavodu başqa sahələrə köçürülüb. Ətraf mühitə təsir edən digər müəssisələrin də Bakı buxtası ərazisindən çıxarılması işləri davam etdirilir. Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə hazırda Paris Kommunası adına gəmi təmiri zavodu tam sökülərək yerində Milli Parkın genişləndirilməsi ilə əlaqədar işlər aparılır.

O.M.