Məcburi köçkünlər 1541 yeni iş yeri açdılar
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) fəaliyyəti dövründə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün sahibkarlar tərəfindən təqdim olunmuş 660 investisiya layihəsinin icrasına 9,6 mln. manat güzəştli kredit ayırıb, bunun da nəticəsində 1541 yeni iş yeri açılıb. 11 min investisiya layihəsinin icrasına ümumilikdə 700 mln. manat həcmində güzəştli kredit verilib, nəticədə 95 minə yaxın yeni iş yeri açılıb.
Bunu "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda bu gün Bakıda keçirilən konfransda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib. O qeyd edib ki, SKMF qadın sahibkarların təqdim etdiyi 1447 layihənin icrasına 11,3 mln. manat güzəştli kredit ayırıb. Ş.Mustafayev son 20 ildə bir çox sahələrdə aparılan islahatlardan və nəticədə ölkə iqtisadiyyatında baş verən inkişafdan da söz açıb. Nazir bildirib edib ki, son 7 il ərzində minimum əmək haqqı 9,4 dəfə, pensiyanın baza hissəsi isə 4,3 dəfə artırılıb.
O.M.

























































































