
Vergi bəyannamələrinə dəyişiklik edildi
Vergilər Nazirliyindən verilən məlumata görə, Azərbaycanın vergilər nazirinin əmri ilə "Mənfəət vergisinin bəyannaməsi", "Mənfəət vergisinin bəyannaməsinə Əlavə №1", "Gəlir vergisinin bəyannaməsi", "Gəlir vergisinin bəyannaməsinə Əlavə"yə və "Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə"yə dəyişiklik edilib.
Həmçinin "Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən
məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac
xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət
büdcəsinə hesablanan yığım barədə hesabat"a, "Azərbaycan Respublikasında
istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların
kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış
qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım barədə hesabata
Əlavə"yə və onların tərtib olunma qaydalarına bir sıra dəyişikliklər edilib.
"Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə №1" hüquqi və fiziki şəxslər üzrə
ayrılıb. Hüquqi şəxslər üçün "Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə №1"
"Mənfəət vergisinin bəyannaməsinə Əlavə №1"ə, fiziki şəxslər üçün
"Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə №1" isə "Gəlir vergisinin
bəyannaməsinə Əlavə"yə uyğunlaşdırılıb. "Sadələşdirilmiş vergi bəyannaməsinə
Əlavə №2"də "Hesabat dövründə alınan qəbzlər üzrə məlumat", "Hesabat dövründə
yararsız hala düşmüş və ya ləğv olunmuş qəbzlər üzrə məlumat", "Hesabat
dövrünün sonuna qalıqda qalan qəbzlər üzrə məlumat" öz əksini tapıb.
"Gəlir vergisi bəyannaməsindəki "Səhmlər, istiqrazlar və digər qiymətli
kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması
ilə bağlı xərclər" sətri 6 alt sətrə bölünüb. Vergi ödəyiciləri burada
"Səhmlərin alınması ilə bağlı xərclər", "İstiqrazların alınması ilə bağlı
xərclər", "Digər qiymətli kağızların alınması ilə bağlı xərclər", "İştirak
paylarının alınması ilə bağlı xərclər", "Borc öhdəliklərinin alınması ilə bağlı
xərclər" və "Borc tələblərinin alınması ilə bağlı xərclər"i ayrıca sətirlərdə
göstərməlidirlər.
"Mənfəət vergisi bəyannaməsi"nə, "Mənfəət vergisinin bəyannaməsinə Əlavə №1"ə,
"Gəlir vergisinin bəyannaməsi"nə, "Gəlir vergisinin bəyannaməsinə Əlavə"yə də
bəzi redaktə xarakterli dəyişikliklər edilib.
O.M.