
Azərbaycan Dövlət Neft Fondunun vəsaiti pul şəklində saxlanılmayacaq
Dövlət başçısının fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları"na edilən dəyişikliklərdən sonra fondun vəsaitləri digər aktivlərə, o cümlədən səhmlərə, daşınmaz əmlaka və qızıla yatırıla bilər. İndən belə ARDNF-in vəsaitlərinin 95%-nin dollar, avro və funt sterlinqində yerləşdirilməsi ilə bağlı tələb ləğv edilir. Qeyd edək ki, əvvəlki qaydaya əsasən, fondun vəsaitlərinin 95%-i adı çəkilən valyutalarda, qalan hissə isə digər valyutalarda saxlana bilərdi.
Bundan başqa, Dövlət Neft Fondunun vəsaitlərinin
valyutalarında yerləşdirilə bilən ölkələrin siyahısı da dəyişib. Əvvəlki
qaydalara görə, Fondun vəsaitləri G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa,
İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin,
həmçinin "A" ("Standard and Poors" və "Fitch") və ya "A2" ("Moody's") kredit
reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik
olan dövlətlərin valyutalarında ifadə olunmuş aktivlərə (vəsaitlərin 95%-nin
dollar, avro və funt sterlinqdə olması şərti ilə) yerləşdirilə bilərdi. Dəyişikliklərdən
sonra Neft Fondunun vəsaitləri sadalanan ölkələrdən əlavə, Rusiya və Türkiyə
valyutalarına da yatırıla bilər, özü də 95%-lik hədd olmadan. Maraqlıdır ki,
Rusiya və Türkiyə milli valyutaları etibarlılıq dərəcəsinə görə yuxarıda
sadalanan ölkələrə bərabər tutulub - yeni qaydalarda bu ölkələrin valyutalarına
vəsaitlərin yatırılması üçün onların kredit reytinqi ilə bağlı tələblər yoxdur.
Fondun valyuta vəsaitlərinin yerləşdirilməsinə (investisiya istiqamətlərinə) də
ciddi dəyişikliklər edilib. Belə ki, indi ARDNF-in vəsaitləri, əvvəllər nəzərdə
tutulan istiqamətlərdən başqa, daşınmaz əmlaka, qızıl külçələrə (London
Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq
edilən tələblərə uyğun olan qızıl külçələr) də yatırıla bilər. Qeyd edək ki,
qaydaların əvvəlki variantında Fondun vəsaitlərinin qiymətli metallar və
daşlara, eləcə də daşınmaz əmlaka yatırılması qadağan edilirdi. Amma son
vaxtlar dünyanın maliyyə və fond bazarlarındakı qeyri-sabitlik fonunda qızılın
investisiya aləti kimi populyarlaşması və qiymətinin kəskin artması müşahidə
edilir. Bununla əlaqədar olaraq, artıq bir neçə aydır ki, Azərbaycanda
ekspertlər səviyyəsində Neft Fondunun vəsaitlərinin bir hissəsinin qızıl
aktivlərində saxlanması ideyası müzakirə olunur. Ekspertlər, o cümlədən,
Azərbaycanda qızılı hasilatı ilə məşğul olan şirkətlərin rəhbərləri vəsaitlərin
bir hissəsinin qızılda saxlanmasının məqsədəuyğun olduğunu bildirirlər.
Fondun investisiya istiqamətlərinə daşınmaz əmlakın əlavə
edilməsi isə son illər dünyada, xüsusilə Avropada daşınmaz əmlakın kəskin
ucuzlaşması və artım potensialının olması ilə əlaqədardır.
Xatırladaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 9 aylıq yekunlarına həsr olunmuş iclasında
dövlət başçısı Azərbaycanın Avropa ölkələrinə investisiya yatırması ilə bağlı
ilkin planlarını açıqlayaraq ölkənin valyuta ehtiyatlarının bir hissəsinin
daşınmaz əmlaka yönəldiləcəyini bildirib: "Avropa İttifaqı məkanında
investisiya imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Biz maliyyə
resurslarımızın şaxələndirilməsi üçün gərək valyuta ehtiyatlarımızın bir
hissəsini daşınmaz əmlaka yönəldək. Dünya miqyasında indi belə araşdırmalar
aparılır, ilkin addımlar atılıb".
Dəyişikliklərə əsasən, ARDNF-in vəsaitləri beynəlxalq
nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərə də yatırıla bilər.
Şübhə yoxdur ki, bu addımın atılması dünya
iqtisadiyyatında baş verən proseslər, ABŞ-ın kredit reytinqinin aşağı
salınması, ABŞ-ın defolt təhlükəsinin aradan qaldırılması üçün bazara külli
miqdarda dollar kütləsinin çıxarılması, eləcə də maliyyə sistemində dolların
mövqeyinin zəifləməsi, eləcə də Avrozonaya daxil olan bəzi ölkələrin
müflisləşmə təhlükəsi ilə üzləşməsi və bunun qarşısının alınması üçün maliyyə
sisteminə əlavə vəsaitlərin buraxılması və s. amillərlə bağlıdır.
Xatırladaq ki, 2011-ci il oktyabrın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 41,6% artaraq 32 242,5 milyon ABŞ dollarına çatıb.
O.M.