
Fermer təsərrüfatlarına Dünya Bankından dəstək gəldi
Bu gün Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında Su İstifadəçiləri Birliklərinin inkişafının dəstəklənməsi Layihəsinin (SİBL) icrasına dair 76,8 mln. ABŞ dolları dəyərində Beynəlxalq İnkişaf Assosiasiyası (IDA - DB üzvü) krediti və 3,2 mln. dollar məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD - DB üzvü) krediti üzrə hüquqi sazişlər imzalanıb.
DB-nın Azərbaycandakı daimi nümayəndəliyindən verilən
məlumata görə, Azərbaycan hökuməti tərəfindən maliyyələşəcək 34,3 mln. dollar
da nəzərə alınmaqla layihənin ümumi dəyəri 114,3 mln. dollar təşkil edir.
Sazişlər Azərbaycanın maliyyə naziri Samir Şərifov, "Meliorasiya və Su
Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə və DB-nın Azərbaycan üzrə ölkə
meneceri Cozef Ouen tərəfindən imzalanıb. Layihənin Azərbaycanın 27 rayonunda
yerləşən 760 min kiçik fermer təsərrüfatlarında məhsuldarlığın artırılmasına
xidmət edəcəyi gözlənilir. Buna DB-nın yeni maliyyələşdirməsi ilə dəstəklənən
ölkənin fermer təsərrüfatı üçün irriqasiya və drenaj şəbəkəsinin bərpası və
müvafiq potensialın yaradılması sayəsində nail olunacaq.
"Bu layihə Azərbaycanın kənd təsərrüfatının potensialının
reallaşmasına kömək edəcək. İrriqasiya sistemlərinin bərpası kənd təsərrüfatı
istehsalında inkişafı dəstəkləyəcək, yeni iş yerlərinin yaranmasına,
fermerlərin və kənd sakinlərinin gəlirlərinin artmasına səbəb olacaq. Bu layihə
həmçinin ölkədəki təsərrüfatlararası suvarma şəbəkələrinin idarə edilməsini də
gücləndirəcək", - deyə C.Ouen bildirib.
SİBL - təsərrüfatlararası suvarma sisteminin idarə
olunması üzrə cavabdeh qurum olan Su İstifadəçiləri Birliklərinin (SİB)
potensialının gücləndirilməsinə istiqamətlənib. Bu layihə təxminən 900 min hektarda
yerləşən 379 SİB-ə öz üzvlərinə su təchizatını yaxşılaşdırmaq üçün təlim
verəcək və dəstək göstərəcək. Layihə eyni zamanda 85 500 hektar əraziyə xidmət
edən 34 SİB-in yararlanacağı 3 min km-lik irriqasiya və drenaj kanalları və
suyun nizamlanması qurğularının bərpasını maliyyələşdirəcək.
Layihə üç komponentdən ibarətdir. Belə ki, institusional
gücləndirmə və potensialın yaradılması komponenti mərkəzi qurumlar və SİB-lər
üçün institusional gücləndirmə və potensialın yaradılması üzrə fəaliyyəti
maliyyələşdirəcək. Təsərrüfatlararası suvarma və drenaj sistemlərinin bərpası
komponenti seçilmiş rayonlarda SİB-lərin xidmət etdiyi suvarma və drenaj
sistemlərinin bərpasını maliyyələşdirəcək. Layihənin idarə olunması komponenti
isə layihənin idarə olunması və monitorinq və qiymətləndirmənin həyata
keçirilməsini maliyyələşdirəcək.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür.
Hazırda Bankın Azərbaycanda 43 layihə üzrə ümumi portfeli 2,9 mlrd. dollar
təşkil edir.
Maliyyə iqtisadiyyat maşınının yanacağıdır...
Hafiz Əhmədov
O.M.