
AYİB biznes məsləhətlərini təkmilləşdirməkdə yerli konsultantlara kömək edir
Mediainfo.az xəbər verir ki, AYİB yerli kiçik və orta müəssisələrə verdikləri biznes məsləhətlərini təkmilləşdirməkdə yerli konsultantlara kömək edir.
Yerli məsləhət xidməti sahəsi üçün nəzərdə tutulmuş Marketinq və Konsaltinq Xidmətlərinin satışı üzrə seminar 2-5 may tarixlərində keçiriləcəkdir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təşkil edilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dörd günlük seminarda Azərbaycandan on altı konsaltinq şirkəti iştirak edəcəkdir. Təlimdə Azərbaycanda yerli konsultantların yerli kiçik və orta müəssisələrə verdikləri biznes məsləhətlərinə olan tələbatın artmasına nail olmaq məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsi məsələsinə diqqət yetiriləcəkdir. Kurs AYİB-la sıx əməkdaşlıq şəraitində Beynəlxalq Konsultantlar Assosiasiyasının üzvü Vladimir Çernyavski tərəfindən aparılacaqdır.
AYİB-in Kiçik Bizneslər üçün Məsləhət komandası know-how (bilik) və bacarıqlarını təkmilləşdirmək, kiçik və orta müəssisələr üçün uğurlu layihələr həyata keçirmələrini təmin etmək və əhatə etdikləri ixtisas sahələrini genişləndirmək məqsədilə Azərbaycanda fəaliyyət göstərən yerli konsultantlarla əməkdaşlıq edir.
Marketinq və Məsləhət Xidmətlərinin Satışı üzrə təlim konsultantlara bacarıqlarını təkmilləşdirməkdə, problem və məsələləri effektiv şəkildə idarə, aşkar və təhlil etmək imkanlarını genişləndirməkdə, konsaltinq biznesi üzrə ən yaxşı təcrübələr haqqında məlumat əldə etməkdə kömək edəcək, eyni zamanda konsaltınq layihələrinin müvəffəqiyyətlə hazırlanıb həyata keçirilməsi üçün idarəetmə vasitələri və praktiki texnikalar təklif edəcəkdir.
Seminar EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan AYİB 850-dən çox müəssisənin inkişafını dəstəkləyən know-how (bilik) əldə etməsinə kömək edib. Avropa İttifaqı 2003-cü ildən bu günə qədər bu işi dəstəkləmək üçün 3.7 milyon avro məbləğində vəsait ayırıb.
Mediainfo.az