"SOCAR Türkiye" və "Petkim"dən çıxarılan işçilərin sayı açıqlanıb

"SOCAR Türkiye" və "Petkim"dən çıxarılan işçilərin sayı açıqlanıb

28 İyul 2016 14:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə "SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevin açıqlamasında deyilir.

V. Əliyev əlavə edib ki, "SOCAR Türkiye" isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.

"SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik", - deyə V. Əliyev bildirib.

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məsələyə ilə bağlı SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nizaməddin Quliyev açıqlamasında deyib ki, "SOCAR Turkey Energy" şirkətində baş verən kadr islahatları çərçivəsində işdən çıxarılmış başqa rəhbər vəzifəli şəxslər də var: "Onlardan birinin şikayəti əsasında "Petkim Petrokimya Holding A.Ş."-nin sabiq baş icraçı direktoru Saadettin Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib. Bu gün saat 12:00-də A. Məmmədov kollektivə təqdim olunub.

Mediainfo.az