Dollar qalxanda ərzağın qiyməti də qalxırsa, düşəndə niyə düşmür?

Dollar qalxanda ərzağın qiyməti də qalxırsa, düşəndə niyə düşmür?

1 Aprel 2016 17:43
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə görə, son günlər manat dollar qarşısında bir qədər möhkəmlənib. Hazırda 1 dollar 1.5238 manat, 1 avro 1.7331 manatdır.

Əhali isə gözləyir ki, dolların bahalaşması ilə qalxan qiymətlər, dolların enməsi ilə cüzi də olsa ucuzlaşacaq. Bəs, manatın son bahalaşması qiymətlərin ucuzlaşmasına səbəb olacaqmı?

"Yeni Müsavat"ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dolların ucuzlaşması davamlı bir tendensiya olmayacaq: "Bu növbəti tendensiyadan asılı olacaq. Mən dolların uzun müddət ucuzlaşacağına və manatın bahalaşacağına inanmıram. Təəssüf ki, bunun üçün Azərbaycanda iqtisadi əsaslar yoxdur. Son baş verənlər isə dünyada gedən iqtisadi proseslərlə əlaqədardır. Belə ki, ABŞ-ın federal rezerv sisteminin rəhbərinin son çıxışından sonra dünyada dollar ucuzlaşıb. İkinci bir səbəb isə manat qıtlığı ilə bağlıdır. Ölkədə ciddi manat qıtlığı var. Kreditlərin verilməsinə və bankların işləməsinə də bu öz təsirini göstərir. Ona görə də mən tendensiyanın davamlı olacağına inanmıram. Bundan irəli gələrək qiymətlərin ucuzlaşmasına da inamım çox azdır".

Ekspert bildirdi ki, Azərbaycanda qiymətlərin qalxması xarici valyuta ilə bağlı olsa da, düşməsi bir çox başqa amillərdən asılıdır: "Təəssüf ki, Azərbaycanda qiymətlərin formalaşması təkcə valyuta məzənnəsindən asılı deyil. Bu həm də gömrük rüsumlarından asılıdır, vergilərdən də asılıdır, iş adamlarının leqal və qeyri-leqal xərcləmələrindən də asılıdır. Ona görə də , mən dolların ucuzlaşmasının bazarlarda qiymətlərə nəzərə çarpacaq dərəcədə yansımasını gözləmirəm".

Mediainfo.az