Bu il zəvvarlarımız Həccə AZAL-ın təyyarələri ilə gedib-gələcəklər
Azərbaycandan bu il ilk dəfə olaraq, zəvvarların Həcc ziyarətinə gediş-dönüşünü "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirəcək. QMİ-dən verilən məlumata görəverilən məlumata görə, hər iki istiqamətdə uçuşu yerli aviaşirkət həyata keçirəcəyi üçün biletlərin qiymətlərində güzəştlərin edilməsi gözlənilir.
Xatırladaq ki, ötən ilə qədər Səudiyyə Krallığı ilə gəlinən razılığa əsasən, zəvvarların geri dönüşünü kral ailəsinə məxsus aviaşirkətlər həyata keçirib. Sonuncu dəfə bu, "Flynas air" şirkəti olub.
Qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycanda Həcc ziyarətinin təşkili gecikir. Buna səbəb ziyarət qiymətləri barədə tam dəqiqləşmənin olmaması göstərilir. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
Mediainfo.az